Qubadlı rayonunun işğalından 20 il ötür

qubadlı

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 20 il ötür. Qubadlı rayonu erməni işğalçıları tərəfindən 31 avqust 1993-cü ildə zəbt olunub.

Qubadlı rayonu əlverişli coğrafi mövqeyi, təkrarsız təbiəti, yalçın qayaları və sıldırım dağları ilə fərqlənir, Bərgüşad və Həkəri çayları ona xüsusi rövnəq verir.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda respublikanın 47 bölgəsində məskunlaşıblar.

Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunu b , özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib


Comments are closed.