Qurban Qurbanov: Bu şansdan sona qədər istifadə edəcəyik

Futbol üzrə millimizin baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının püşkünü dəyərləndirib.

XALQ.AZ  xəbər verir ki, Qurban Qurbanov bütün komandaların qrup qalibi olmağa çalışacağını bildirib:

“Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram.

Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik.

Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibindən xal almağı bacarır. Millətlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və şanslarından maksimum istifadə etsməyə çalışacaqlar. Başqa yarış olsaydı, bəlkə də, indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var.

Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik”.

Xatırladaq ki, millimiz D liqasının III qrupunda Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq. İlk turun oyunları 6-8 sentyabrda olacaq.