Rəşad Mahmudovun təklifi dəstəkləndi

 

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə və pasiyentlərin əməliyyat edilməsinə artıq başlanılıb.

XALQ.AZ məlumatı verir ki,  bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin  keçirilən iclasında deyib.

Ə.Əmiraslanov vurğulayıb ki, bu əməliyyatın hansı klinika tərəfindən icra olunmasına müvafiq icra hakimiyəti orqanı icazə verir və əməliyyatın hansı həkimlər tərəfindən icra edilməsi müəyyən edilir:
“Ola bilər, hansısa klinikalara bu əməliyyatı icra etmək icazəsi verilməyib, ancaq Azərbaycanda bu əməliyyat artıq həyata keçirilir”.

Deputat Musa Quliyev isə bildirib ki, gözün buynuz qişasının Azərbaycanda gətirilməsi üçün heç bir əngəl qalmayıb, bununla bağlı lazımi qanunvericilik bazası yaradılıb: “Təbii ki, hər kəs bunu gətirə bilməz, ancaq qanunvericilik çərçivəsində bu işi həyata keçirmək üçün heç bir əngəl qalmayıb”.

Qeyd edək ki, bir müddət öncə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva bildirmişdi ki, yaxın bir neçə həftədə Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanılacaq:

“Mərkəzdə 3000-dən çox xəstə gözün buynuz qişasının köçürülməsi üçün qeydiyyatdadır. Gözün buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur. Əməliyyat Milli Oftalmologiya Mərkəzində icra olunacaq”.

Qeyd edək ki, Milli Məclisin plenar iclaslarında millət vəkili,  tibb üzrə  elmlər  doktoru Rəşad Mahmudov çıxışlarında ölkədə gözün buynuz qişasının köçürülməsi əməliyyatı üçün hər cür şəraitin olduğunu bildirmişdir.XALQ.AZ məlumat verir ki, millət vəkili qeyd etmişdir ki, bu əməliyyatların keçirilməsi çox vacibdir, qanunlara riayət olunaraq vətəndaşlarımızın sağlamlığı üçün   transplantasiya həyata keçirilməlidir Qanunla bağlı bir sıra təkliflərlə çıxış etmişdir.