Prezident Münxen Təhlükəsizlik Konfransında iştirak edib…

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Bu da Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnmişdir, – deyən dövlətimizin başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır.

Azərbaycan Prezidenti vurğulayıb ki, bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə, həmçinin region üçün ən böyük təhlükədir.

“Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır”, – deyə Prezident İlham Əliyev əlavə edib.