Ramil Usubov əmr verdi

Ramil Usubov 131011

Daxili İşlər Naziri Ramil Usubovun  müvafiq əmrləri ilə polis akademiyasını bitirmiş məzunlar  orta rəis heyətinə vəzifələrinə təyin olunublar.

Sentyabrın 4-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Xalq.az DİN-nin rəsmi saytına istinadən məlumat verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu vurğulayıb. O qeyd edib ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə Nazirliyə 121 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilən, bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər. Nəticədə məzunlardan 72-si Bakı və Nəqliyatda Baş Polis idarələrinin orqan və hissələrində, 49-u isə onların istəkləri nəzərə alınmaqla daimi yaşadıqları yerlər üzrə ərazi polis qurumlarında zabit vəzifələrinə təyinat alıblar.

Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri – orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik edib. Püşkatmada iştirak etmiş bütün iddiaçılar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyətinə vəzifələrinə təyin olunublar.