Ramil Usubov görüş keçirdi

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul  edib.

XALQ.AZ xəbər verir ki, DİN-dən daxil olan məlumata əsasən, qonaqları salamlayan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu ən mühüm vəzifələrdən birinin insan hüquq və azadlıqların müdafiəsi olduğunu vurğulayaraq, tutulmuş və ya həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının tam təmin edilməsinin, o cümlədən onların kobud rəftara, işgəncəyə məruz qalmamasının DİN rəhbərliyinin də xüsusi nəzarətində olduğunu diqqətə çatdırıb.

Komitə təmsilçilərinin keçirdiyi monitorinqin nəticələrinə dair hesabatın  rəhbərlik etdiyi qurum tərəfindən diqqətlə öyrənildiyini deyən nazir insan hüquqlarının təmin olunması işinin səmərəliyinin artırılmasına yönələn tövsiyələrin icrasına başlanıldığını xatırladıb və sənəddə əksini tapan digər məqamlara toxunub. Həmçinin saxlanılan şəxslərə, o cümlədən yeniyetmələrə qarşı fiziki zorakılıqla bağlı hesabatda göstərilən xüsusatlara aydınlıq gətirərək işgəncəyə məruz qalması güman edilən şəxslərlə bağlı aparılan araşdırmalar zamanı 11 faktdan yalnız 1-nin təsdiqləndiyini, bununla əlaqədar 1 əməkdaşın DİO-da xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib.

Hesabatda qanunvericiliklə inzibati həbs müddətinin 90 günədək müəyyən olunmasının neqativ hal kimi qiymətləndirilməsilə bağlı qeyd olunub ki, ölkəmizdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı son illər mühüm hüquqi islahatlar həyata keçirilib.

Xüsusən, əvvəllər 500 manatadək maddi ziyanla nəticələnən oğurluğa görə iki ilədək, döymə cinayətinə görə isə altı ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda, həmin əməllər dekriminallaşdırılaraq inzibati xəta kateqoriyasına keçirilib. Nəticədə qeyd edilən oğurluqlara görə üç ayadək, döyməyə görə iki ayadək inzibati həbs müəyyən edilib.

Sonuncu monitorinq zamanı hesabatda əksini tapmış daha bir narahatedici məqam həbsdə olan şəxslərin istintaq təcridxanalarından müvəqqəti saxlama yerlərinə tez-tez qaytarılmasının onların yenidən pis rəftara və ya işgəncəyə məruz qalması riskini artırması ilə əlaqədar qonaqların nəzərinə çatdırılıb ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 8-ci maddəsinə əsasən, ayrı-ayrı istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi məqsədilə o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin əsaslandırılmış qərarı ilə ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürülür. Bu halda, eləcə də istintaq təcridxanasına geri qaytarıldıqda həmin şəxs tibbi müayinədən keçirilir. Bütün bu prosedurlar mütləq şəkildə qanun çərçivəsində icra olunur. Xüsusilə vurğulanıb ki, həmin qanun insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb və bu qurumların müsbət rəyini alıb.

Nazir R.Usubov bəzi hallarda müvəqqəti saxlama yerlərində sanitar şəraitin müvafiq tələblərə tam uyğun olmadığını, tibbi müayinələrin, saxlanılan şəxslərin vəkillə görüşünün təşkilində və yaxınlarının məlumatlandırılmasında çatışmazlıqların mövcudluğu ilə bağlı vəziyyətin bir daha yoxlanılması və nöqsanların aradan qaldırılması üçün  aidiyyəti baş idarələrə lazımi göstərişlər verdiyini deyib.

O, saxlanılan şəxslərin vəkilləri və yaxınları ilə görüşmək üçün heç bir məhdudiyyətin olmadığını, əksinə, bunun üçün xüsusi otaqların ayrıldığını, saxlanılanların tibbi müayinəsinin aparılmasının, yaxınlarının məlumatlandırılmasının və digər məslələrin dəqiq mexanizminin qanunvericilikdə nəzərdə tutulduğu kimi tətbiq olunduğunu, vəzifəsindən asılı olmayaraq, bütün aidiyyəti əməkdaşların saxlanılan şəxslərin qanunla müəyyən edilmiş hüquqlarının təmin edilməsinə şəxsi məsuliyyət daşıdıqlarını xatırladıb. O da diqqətə çatdırılıb ki, təkcə cari ilin birinci rübündə ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərində Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 54 monitorinq keçirilib. Həmin müddətdə aşkarlanan kobud rəftar, əsassız gətirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tutduğu vəzifədən azad edilib, 101 nəfər barəsində isə digər intizam tədbirləri görülüb.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin prezidenti cənab Mikola Qnatovski rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir qisminin aradan qaldırıldığını, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına DİN-in rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşdığını qeyd edib. Eyni zamanda, şəhər, rayon polis orqanlarına gətirilən şəxslərin saxlanılması ilə bağlı müəyyən tövsiyələrini verib, əməkdaşlığın müsbət nəticəsi kimi mövcud nöqsanların qısa müddətdə aradan qaldırılacağına əminliyini ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

 

 

Orxan