Ramil Usubov Qubada vətəndaşlarla görüş keçirmişdir

ramil usubov

Xalq.az Daxili İşlər Nazirliyini saytına istinadən məlumat verir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 31-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirmişdir.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinləri qəbul edən nazir müraciətlərin operativ şəkildə həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti elə görüş zamanı öz həllini tapmışdır. Polis fəaliyyətinə aid olmayan digər ərizələrin aidiyyatı üzrə göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun baxılacağı diqqətə çatdırılmışdır.
Sakinlər problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərildiyinə və bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli siyasi kursunu bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini vurğulamışlar.