Ramil Usubov “Təxribat çağırışlarına qanun çərçivəsində tədbirlər görülür”

Prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirlərin məruzələrinə fikir bildirib və onlara müvafiq tapşırıqlar verib.
XALQ.AZ xəbər verir ki, Daxili işlər naziri Ramil USUBOV çıxış edərək dedi:

Hadisə baş verəndən sonra dərhal Sizin tapşırığınızı rəhbər tutaraq göstəriş verdim ki, biz fövqəladə hallarda hansı hərəkəti etməliyik. Daxili İşlər Nazirliyi olaraq digər qurumlarla birlikdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər işlədik hazırladıq və həyata keçirməyə başladıq. Məruzə edirəm ki, təqribən 30 min nəfərin təxliyə olunmasında Fövqəladə Hallar Nazirliyi ilə birgə iştirak etdik və eyni zamanda, avtobusların vətəndaşlarımızı evlərinə aparmasında da yol polisi onları müşayiət etdi. Hərəkətin təhlükəsizliyi ilə bağlı, hörmətli cənab Prezident, Dövlət Yol Polisi ilə bərabər Post Patrul Xidmətinin 150 nəfər əməkdaşını da Bakı şəhərində bu işə cəlb etdik və normal hərəkət təmin olundu.

Bildirmək istəyirəm ki, bundan sonra dövlət əhəmiyyətli obyektlərin, diplomatik korpusların yerləşdiyi ərazilərin qorunması da tərəfimizdən gücləndirildi. Məruzə edirəm ki, elektrik enerjisinin olmaması ilə bağlı bu iki gündə elə bir ağır cinayət hadisəsi baş verməyib. Bu gün ölkəmizdə vəziyyət tam nəzarət altındadır. Bəzi təxribata çağırışlar olur, cənab Prezident, həmin adamları da biz müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir.