Ramil Usubov Xoşbəxt Yusifzadəni təltif etdi

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

 

XALQ.AZ xəbər verir ki, Azərbaycanın qocaman neftçi-aliminə mükafat Daxili İşlər Nazirliyində təqdim olunub.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb. Nazir qeyd edib ki, X.Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.

Akademik X.Yusifzadə mükafat üçün minnətdarlığını bildirib, ölkədə asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıb.

 

 

 

Orxan