Ramiz Mehdiyev daha bir yeni naziri kollektivə təqdim edib

Azərbaycan Respublikasının yeni əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Rafiq oğlu Babayev nazirliyin kollektivinə təqdim edilib.

XALQ.AZ xəbər verir ki, yeni naziri kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev  təqdim edib

Azərbaycan Respublikası Prezidentinin  21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Rafiq oğlu Babayev  nazirliyin kollektivinə təqdim edilib

Yeni naziri təqdim edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Sahil Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

R.Mehdiyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, əmək resurslarının səmərəli məşğulluğunun təminatının, aktiv məşğulluq proqramlarının genişləndirilməsinin, əmək bazarının tənzimlənməsinin də ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. R.Mehdiyev dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb.

S.Babayev Nazirliyin  fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib və nazirliyin fəaliyyətində sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.