Rauf Əliyev: Azərbaycan və Aİ arasında hüquqi baza yaradılıb

«Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

XALQ.AZ xəbər verir ki, R.Əliyev bildirib ki, ölkəmizlə Aİ arasında həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə əlaqələr inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən hüquqi baza yaradılıb.

«Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 milyard dollar təşkil edib. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bu yaxınlarda açılışı olmuş ”Cənub Qaz Dəhlizi” layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Yaxın vaxtlarda TANAP layihəsi də istifadəyə veriləcək və bu layihə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq»-deyə, R.Əliyev vurğulayıb.

 

 

Orxan