Rövnəq Abdullayev görüş keçirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soleveyçiklə görüşüb.

XALQ.AZ xəbər verir ki,  R.Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan, ölkə idmançılarının Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən danışıb. Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən federasiya rəhbəri son vaxtlar azərbaycanlı dmançıların mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turnirlərdə medallar qazandığını diqqətə çatdırıb. Hər il yeniyetmələr, gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R.Abdullayev bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən EJU prezidenti Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. S.Soloveyçik respublikada dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən qitə qurumunun rəhbəri hazırda Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Bu mötəbər festivalın cüdo yarişlarında Avropa və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərdiyini, yarışda qitənin ən güclü yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd edib.

Sonra S.Soleveyçik EJU-nun xüsusi hədiyyəsini R.Abdullayevə təqdim edib. Görüşdə ACF-nin vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.

 

Orxan