Rövşən Rzayev görüş keçirdi

Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Binəqədi rayonunda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Görüşdə Dövlət Komitəsinin sədr müavinləri və Binəqədi rayonu üzrə nümayəndəsi iştirak edib.

 XALQ.AZ xəbər verir ki, yarımtikililərdə məskunlaşmış məcburi köçkünlər problemləri ilə bağlı Dövlət Komitəsinin sədrinə müraciət edib, üzləşdikləri çətinliklərlə əlaqədar məlumat veriblər.

Komitə sədri onları diqqətlə dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.

Qeyd edilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər onların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyinin göstəricisidir. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşır, həyata keçirilən işləri daim diqqətdə saxlayır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan siyasətin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsa çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər bütün lazımi infrastrukturla təmin edilmiş qəsəbə və məhəllələrdə yeni, müasir mənzillərə köçürülür.

Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri qeydə alınıb.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

 

 

 

Orxan