Rövşən Rzayev qəbul keçirdi

Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakı şəhərində və respublikanın digər bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

XALQ.AZ xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin kollektiv və fərdi müraciətləri, əsasən, mənzil-məişət problemləri, məskunlaşma, məşğulluq, qeydiyyat və status məsələləri ilə bağlı olub.

Onlara bir daha xatırladılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, yeni yaşayış komplekslərinin  inşası davam etdirilir, ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə köçürülür. Qeyd olunub ki, bu sahədə görülən işləri Birinci vitse-prezident xanım Mehriban Əliyeva daim diqqətdə saxlayır.

Məcburi köçkünlərin müraciətləri diqqətlə dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılması və mövcud qanunvericilik çərçivəsində tədbirlər görülməsi üçün tapşırıqlar verib.

Orxan