Röya “Sinəmi 50 milyona..”

ROYA

 

Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də…

Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı…

XALQ.AZ bildirir ki, yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqladı.

-Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı?

  • Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə, sinəmi sığorta etdirəcəm.

-Niyə məhz sinəni?

  • Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir.

-Bəs qiyməti?

  • Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Çünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim.

-Hansı məbləğə?

  • Ayyy… Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım.

-O rəngin qiyməti də yəqin çox başa olar?

  • Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim.

-Bəs sinəni?

  • Sən ancaq seksual suallar verirsən də (gülür). Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir.

-Səmimiyyət başına bəla olurmu?

  • Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm.

-Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır?

  • Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur.

-Bakıda yaşamırsan ki?

  • Bakıda da yaşayıram, İstanbulda da.

-Sevgisiz yaşamaq mümkündür?

  • Sevgi çoxdur həyatımda.

-Bir sevgini unudub, yenisinə başlamaq üçün Röyaya nə qədər vaxt lazımdır?

  • Düşünürəm ki, bunun üçün mənə 6 ay kifayət edir. (düşünür)…yox… 9 ay.

-Bir sevgi ilə vidalaşanda depressiyaya düşürsən?

  • Qətiyyən. Mən, ümumiyyətlə, depressiyanın nə olduğunu bilmirəm. Mən də belə adamam.

-Hesab edirsənmi ki, kişiyə görə depressiyaya düşməyə, stress yaşamağa dəyməz.

  • Əlbəttə dəyər, kişi deyəndə bu siyahıda atam, qardaşım da var axı.

-Mən ata-qardaşdan danışmıram e, sevgilini nəzərdə tuturam…

  • Azərbaycan kişisinə görə stress yaşamağa dəyər. Çünki azərbaycanlı oğlanlar oğuldur e… Başqa dövlətlərə gedib görəndən sonra bunu hər bir azərbaycanlı qadın başa düşəcək. Seksual suallar qurtarmadı? (gülür)

-Bir sualıma da cavab alım, mövzunu bağlayaq… Filmə dəvət etsələr, nə qədər qonorar tələb edərsən?

  • Əgər qəşəng bir film olsa, ilk başlanğıcda bir qəpik də götürmərəm. İstəyərəm ki, həmin məbləğ filmin istehsalına xərclənsin. Nəticədə də ortaya mükəmməl film çıxartsınlar. Yalnız ondan sonra qonorar barədə düşünərəm.

-Erotik filmə çəkilməyə razılıq verərsən?

  • Əlbəttə çəkilərəm.

-Özünü seksual xanım sayırsan?

  • Yooox, aradabir…(gülür)

-Bir aylıq xərcin nə qədərdir?

  • Heç soruşma, bu, mənim yaralı yerimdir. Sən birgünlük xərcdən danış, çox bədxərcəm.

-Özün xərcləyirsən, yoxsa xərcləyirlər?

  • Özüm xərcləyirəm, həm də hamıya. Bütün nəsil mənim əlimə baxır. Oğluma bir kitab alıramsa, bacım uşağına, digər qohumlara da almalıyam; yaxud da geyim… Hüseynə nəsə almışamsa, o biri uşaqları da yadımdan çıxartmıram. Mən də belə insanam, neynim.