Rufiz Qonaqov “Növbədənkənar prezident seçkisinin keçirilməsini zəruri edən amillər var”

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bununla bağlı bu gün ölkə başçısı sərəncam verib.
XALQ.AZ xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov növbədənkənar prezident seçkilərinin  keçirilməsini zəruri edən amillərin olduğunu bildirib:
“Son Referendumdan sonra Azərbaycan Respublikasının Konstitusiyasında prezidentə növbədənkənar seçkiləri təyin etmək səlahiyyəti verilmişdi. Bu il ölkəmizdə çox vacib, böyük tədbirlər var. Prezident Azərbaycan Xalq Cünhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı may ayında və sonra ölkə miqyasında böyük beynəlxalq tədbirlər keçiriləcək, Azərbaycana çoxsaylı qonaqların – dövlət başçıları, eyni zamanda nüfuzlu xadimlərin gəlməsi gözlənilir. Həmçinin bu il ümummilli lider Heydər Əliyevin də 95 illiyidir və bununla bağlı da ölkəmizdə çox böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eləcə də, ölkədə bir çox beynəlxalq tədbirlər də keçiriləcək. Bu tədbirlərin miqyası elədir ki, onların keçirilməsi prezident seçkiləri ilə üst-üstə düşdüyü halda, qrafik baxımından müəyyən çətinlik yarada bilərdi”.
Rufiz Qonaqov əlavə edir ki, son konstitusiya dəyişikliyində prezidentin səlahiyyət müddəti də 5 ildən 7 ilə qaldırılıb: “Buna görə də 2025-ci ildə prezident seçkiləri ilə parlament seçkilərinin üst-üstə düşməsi ehtimalı vardı. Sərəncamı zəruri edən amillərdən biri də bununla bağlıdır. Həmçinin çox böyük tədbir olan prezident seçkilərində bütün siyasi qüvvələrin, partiyaların daha mobil şəkildə iştirakını təmin etmək üçün artıq bir fürsət yarandı. Yəni prezidentin növbədənkənar seçkilərlə bağlı sərəncamından sonra gözləməyə ehtiyac qalmayacaq”.
R.Qonaqov bildirir ki, bu aylarda həm Rusiyada, həm də Ermənistanda seçkilər keçirilir və bu ölkələrin hər birində keçirilən seçkilər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesini ləngidir. Seçkilərin bir neçə ay qabağa çəkilməsi isə bu prosesi də sürətləndirməsi ilə nəticələnəcək:
“Çox cəlbedicidir ki, bu seçkilərdə uzunmüddətli hazırlaşmağa ehtiyac yoxdur. Çünki hər bir siyasi qüvvə seçki ilində hazır olmalıdır. Bəzi partiyaların artıq namizədləri var və hətta seçki qərargahları da yaradılıb. Digər partiyalarda da kim özünü prezidentliyə namizəd hiss edirsə və namizəd bilirsə, buyursunlar, namizədini irəli sürsünlər. Sözsüz ki, YAP da öz namizədini irəli sürəcək. Artıq Həmkarlar İttifaqı Konfederasiyasının qurultayında canab prezidentin namizədliyi növbəti dəfə dəstəklənib, irəli sürülüb. Prezidentin köməkçisi Əli Həsənov artıq hamını prezident İlham Əliyevi dəstəkləməyə çağırıb və demək olar ki, artıq kampaniyaya start verilib. Rəsmən də yaxın günlərdə start veriləcək”.