Ruhum itkin düşüb, rüh cana bənddi

23

 

Xalq.az İbrahim Rüstəmovun şeirini təqdim edir

 


OĞLUMA OXUDUĞUM NƏĞMƏ

Hələ payız gəlib, qışa bir az var,
Gör necə üşüyür adam dünyada.
Mən sənə heç bunu söyləməmişdim,
Oğlum, bilirdinmi yadam dünyada.
Ürəyim çırpınır qaranquş kimi,
Qisməti yerdədi, taleyi göydə…
Bu qərib aşiqi, nakam sevgini,
Nə qədər istəsən qarğı da, söy də…
Sənə təpinməyə cürətim olmaz.
Sənə deyəcəyim o tək kəlməni
Bir çiçək qismində deyər gələn yaz…
Bax onda qurumaz gözünün yaşı,
Bilərsən nə çəkib ATAN dünyada…
Oğlum, mən sənə heç söyləməmişdim,
Dünyadan ağırdı xatam dünyada…
Çürüyüb sümüyüm, canımda qan yox,
Ruhum itkin düşüb, rüh cana bənddi…
Oğlum, bəlkə də mən səninçün varam,
Amma nəyim varsa, amanabənddi.
Amandı kənar dur, mənə toxunma.
Toxunsan, bədənim ovulub gedər.
Bir dəli küləyin cənginə düşüb,
Tanrıdan o yana sovrulub gedər…
Arxamca boğulan sətirlər qalar,
Özü öz içində batan dünyada.
Bir də əl axtaran çətirlər qalar,
Bu müsyö dünyada, madam dünyada…

 

Aktual.az