Rus icması seçkilərdə İlham Əliyevi dəstəkləyəcək

06

“Azərbaycandakı Rus İcması prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək”

 

Xalq.az Azərbaycandakı Rus İcmasının rəhbəri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelinin yap.org.az saytına verdiyi müsahibəni təqdim edir:

– Öncə, oxucularımıza Azərbaycan Rus İcmasının fəaliyyəti barədə məlumat verərdiniz….

  • Əvvəla onu qeyd edim ki, Rus İcması keçmiş ittifaq dövləti dağılandan sonra Azərbaycanda yaranan ən böyük və nüfuzlu ictimai təşkilatlardan biridir. Azərbaycan rusları, inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunan demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır. Biz sevincimizi və kədərimizi birlikdə bölüşmüşük, dövlətimizin ərazi bütövlüyünün müdafiəsində azərbaycanlılarla hər zaman çiyin-çiyinə dayanmışıq və birlikdə dinc həyat qururuq. Xatırladım ki, bu il cəmiyyətimizin yaranmasının 20 ili tamam olur. Bu münasibətlə oktyabr ayında ümumrespublika konfransı keçirməyi planlaşdırmışıq. Toplantıda təşkilatın gördüyü işlərin hesabatı dinləniləcək, həmçinin, perspektiv planlarımız müzakirə olunacaq. Məlum olduğu kimi, oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Rus İcması olaraq, biz də bu prosesdə aktiv iştirak etmək niyyətindəyik.

Yeri gəlmişkən, qeyd edim ki, bəzən beynəlxalq toplantılar çərçivəsində postsovet ölkələrindən olan həmkarlarımız tez-tez bizə Azərbaycanda yaşayan ruslara olan münasibət barədə suallar verirlər. Cavabında bildiririk ki, Azərbaycanda indiyədək ruslara qarşı hər hansı bir şəkildə diskriminasiya faktı qeydə alınmayıb. Əksinə, burada ruslara, rus dilinə daim isti münasibət olub. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda rus millətinin nümayəndələrinə daha çox hörmət olunur, nəinki Rusiyanın özündə. Ölkə ərazisində rusdilli məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr olunur, informasiya agentlikləri sərbəst şəkildə fəaliyyətlərini qurublar, ali məktəblərdə rus dilində tədris proqramları mövcuddur, rus millətindən olanlar işə götürülərkən heç bir məhdudiyyətlə rastlaşmırlar.

Yəni, bəzi postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda gənc rusların işə qəbulunda heç bir problemlər yoxdur. Çünki onların böyük əksəriyyəti, Azərbaycan dilində çox sərbəst şəkildə danışa bilirlər. Bu, onlara iş tampaqda çox kömək edir. Hətta bir dəfə elə oldu ki, biz gənclərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş konfrans keçirməyi planlaşdırmışdıq. Tədbir keçirmək üçün zal kirayələmək istədikdə, bizə həftənin orta günlərinin birini təklif etdilər, razılaşdıq. Sonra təşkilatımıza yerlərdən, rayonlardan müraciətlər daxil olmağa başladı ki, bəs tədbirin tarixini şənbə gününə dəyişək. Səbəb isə o idi ki, gənclərimizin hamısı işlə təmin olduqları üçün onların işdən ayrılıb Bakıya gəlmələrində problem var idi. Biz də məcbur qalıb başqa bir məkanda həftə sonu tədbir keçirməyə razılaşdıq. Daha bir misal çəkə bilərəm. Bildiyiniz kimi, Rusiya Federasiyası xarici ölkələrdə yaşayan ruslarla bağlı xüsusi Dövlət Proqramı hazırlayıb. İstənilən gənc heç bir məhdudiyyət olmadan Rusiyanın Miqrasiya Xidmətinə müraciət edə bilər və o dərhal işlə təmin olunur. Hətta ilkin mərhələdə həmin gənclərə xüsusi güzəştlər olunur, əlavə əməkhaqları verilir, mənzil məsələləri təmin olunur. İnandırım sizi, hələ indiyədək eşitməmişəm ki, rus millətindən olan hansısa bir gənc Azərbaycanı tərk edərək iş dalınca Rusiyaya gedib. Bunlar isə Azərbaycanda ruslara necə münasibət olduğunu göstərən konkret faktlardır.

Bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda ruslara qarşı olan müsbət münasibəti daha aydın şəkildə təsvir edə bilim. Bu gün ruslar ölkəmizin idarəetməsində aktiv iştirak edirlər. Rus millətindən olan ölkə vətəndaşlarını müxtəlif səviyyədən olan dövlət məmuru postlarında görmək mümkündür. Mən özüm, artıq dörd çağırışdır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilirəm. Sözün qısası, ruslar müstəqil Azərbaycan Respublikasında özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər və bunun müqabilində gündən-günə inkişaf edən respublikamızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz əməli töhfələrini verirlər.

-Bir qədər əvvəl dediniz ki, konfransda icmanız qarşıdakı prezident seçkilərinə də münasibət bildirəcək…

  • Bəli, bu belədir. Xatırladım ki, bir qədər əvvəl, respublikanın şəhər və rayonlarındakı rus icmaları rəhbərləri Şurasının toplantısı keçirilib və orada təşkilatımız adından qarşıdakı prezident seçkiləri ilə bağlı rəsmi mövqeyimiz açıqlanıb. Bəyanatda qeyd olunur ki, Azərbaycanın Rus İcması olaraq bizim üçün doğma olan bir ölkənin həyatına və tərəqqisinə töhfə verməyə çalışırıq. Respublikanın bütün əhalisi kimi, biz də onun ərazi bütövlüyünü tam dəstəkləyir və separatizmi pisləyirik. Azərbaycanın təcavüzə məruz qalmış və erməni separatçıları tərəfindən zəbt edilmiş bütün torpaqlarının qeyd-şərtsiz azad olunmasını istəyirik. Bundan əlavə, icmamız Rusiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsi məsələlərində həmişə prinsipial mövqe tutmuşdur və bundan sonra da tutacaqdır. Biz xalqlarımız arasındakı çoxəsrlik dostluğu qoruyub saxlamaq məqsədi ilə təkcə rəsmi kanallardan deyil, həm də xalq diplomatiyasının bütün imkanlarından istifadə edir, mehriban qonşuluq münasibətlərinin, respublikada rus dilini qoruyub saxlamağın və ondan geniş istifadə edilməsinin əhəmiyyətini, mədəni, ədəbi və tarixi dəyərlərlə qarşılıqlı mübadilənin zərurətini izah edirik. Dünya tarixinin böyük şəxsiyyəti Ulu öndər Heydər Əliyevin layiqli varisi və siyasətinin davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan bu gün görünməmiş iqtisadi yüksəliş və tərəqqi yolundadır.

Azərbaycanın beynəlxalq məkanda ön mövqeyə çıxması, Bakının mühüm beynəlxalq görüşlərin keçirildiyi mərkəzə çevrilməsi ölkəmizin şöhrətini daha da artırır və onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Uzaqgörən, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bütün Cənubi Qafqazda aparıcı dövlətə çevrilib. Bu gün ölkəmiz dünya sisteminin formalaşması prosesinin fəal iştirakçısıdır və beynəlxalq aləmdə onun nüfuzu şübhəsizdir. Bütün Azərbaycan xalqı kimi Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində biz prezidentliyə yeganə layiqli namizəd kimi İlham Əliyevin namizədliyini Azərbaycanda yaşayan bütün ruslar adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi Ona etibar etməyə hazırıq.

– Bu dəfəki seçki marafonuna 20-dən artıq namizəd qatılıb və onlardan 10-nun namizədliyi qeydə alınıb. Sizcə cənab İlham Əliyevi digər namizədlərdən fərqləndirən keyfiyyətlər hansılardır?

  • Öncə ondan başlayım ki, cənab İlham Əliyev sıradan bir insan deyil. O, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev və nəcib insan, görkəmli oftalmoloq alim, geniş qəlbli vətəndaş olan Zərifə xanım Əliyevanın ailəsində tərbiyə almış, Ulu öndərdən siyasi dərs almış bir ŞƏXSİYYƏT, bacarıqlı dövlət xadimidir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi zamanı yürütdüyü siyasətdə xalqın ruhu, mentaliteti aydın şəkildə özünü büruzə verirdi. Bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik əldə etdikdən sonra indiyədək bircə dəfə də olsun Azərbaycanda yaşayan milli azlıqların hüquqlarını məhdudlaşdıran hər hansı qərar qəbul olunmayıb. Odur ki, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələrinin cənab İlham Əliyevə böyük rəğbətləri var.

Bu məsələnin bir tərəfi, gəlin indi başqa tərəfdən baxaq. Ölkə prezidenti olmaq istəyən istənilən namizədin şəxsi keyfiyyətlərinə baxaq və onları hazırkı dövlət başçısı İlham Əliyevlə müqayisə edək. Xarici görkəmindən tutmuş, istənilən vəziyyətlərdə özünü idarə etmək bacarığınadək, natiqliq qabiliyyətindən tutmuş,-hansı ki, siyasətçi üçün çox böyük önəm daşıyır,- müxtəlif dillərdə sərbəst danışmaq bacarığınadək, dövləti idarəetmə bacarığından tutmuş iş təcrübəsinədək- siyasətçi üçün vacib olan bütün bu keyfiyyətlər digərlərində yoxdur. Məsələn, sadə bir müqayisə aparaq. Bir anlıq təsəvvür edək ki, eyni bir məkanda çıxış etmək İlham Əliyev və Cəmil Həsənov çıxış etmək üçün tribunaya çıxırlar. Baxmayaraq ki, mənim Cəmil müəllimə böyük hörmətim var, amma düzünü deməliyəm- onların arasında yerlə göy qədər fərq var. Rusların belə bir atalar sözü var: “Səni xarici görünüşünə görə qarşılayırlar, amma ağlına görə yola salırlar”. Bax mən deyərdim ki, cənab İlham Əliyevi digər namizədlərdən fərqləndirən əsas cəhət Onun bilik və bacarığı, güclü idarəetmə və iqtisadi biliklərə malik olması, səriştəli siyasətçi olmasıdır.

Bəzən deyirlər ki, prezidentin ətrafında onun komandası olur və onlar, eyni zamanda, ölkənin idarəetməsinə töhfələrini verirlər. Razıyam, amma dövlətin əsas strateji xətti, iqtisadi planları, regionların inkişaf perspektivləri əsaslarını prezident müəyyən edir. Odur ki, idarəçilik bacarığı, liderlik keyfiyyətləri burada böyük önəm daşıyır. Əks düşərgədən olan ekspertlər belə mülahizə yürüdürlər ki, guya Azərbaycanda prezidentin fəaliyyəti ona görə qabarıq gözə çarpır ki, bütün idarəetmə dövlət başçısının əlində cəmlənib. Əslində, bu, çox doğrudur. Çünki Azərbaycan yenicə müstəqilliyinə qovuşmuş gənc bir dövlətdir. Müstəqilliyimizin cəmi 20 yaşı var, ölkə yenicə inkişaf etməyə başlayıb. Odur ki, ölkənin idarə olunması bir mərkəzdən aparılmalıdır, inkişaf daha da sürətlənsin, ölkədə həyata keçirilən islahatlar effektli olsun.

Başqa bir misal… Rəqiblərimiz deyirlər ki, ölkənin milli sərvətlərinin dünya bazarlarında satışından əldə olunan gəlirlər guya lazımsız işlərə xərclənir. Bizə bu qədər mənzil tikintisi, yol çəkilişi, park-bulvar salınması lazım deyil. Gəlin həmin vəsaitləri əməkhaqlarının, ailələrin büdcəsinin artırılmasına yönəldək. Bilirsiniz, bunu söyləyənlər uzağı görə bilməyən insanlardır. Əməkhaqlarının artırılması sadə bir şeydir. Amma gəlin görək Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatından nə dərəcədə təcrid olunub? Sabah birjalarda neftin qiyməti düşərsə, ya qalxarsa, necə olacaq? Bu sadə Azərbaycan vətəndaşının büdcəsinə təsir etməyəcək? Ölkədə inflyasiya olmayacaq? Bilirsiniz, belə fikirlər səsləndirənlərin fikirləri ötən əsrin 90-cı illərində qalıb. Yəqin həmin illər yadınızdadır. Ölkədə ərzaq məhsullarının qiyməti günbəgün deyil, saatbasaat qalxırdı. Sonu nə oldu? Sadə vətəndaşların etimadından istifadə edən bəzi möhtəkirlər əhalinin pullarını banklara toplayıb, sonra da götürüb aradan çıxdılar. Bax budur dövlətin səriştəsiz, uzaq görmədən idarə olunmasının sonu.

Bizim hazırkı dövlət başçımız isə ölkəni çox böyük uzaqgörənliklə idarə edir. İndi regionlardakı inkişaf, abadlıq–quruculuq işləri paytaxtdan heç də geri qalmır. Geniş magistral yollar, yaraşılqlı park və xiyabanlar, yündürmərtəbəli binaların inşası, yeni-yeni istehsal müəssisələrinin yaradılması regionların simasını tamamilə dəyişib-indi iri şəhərlərimiz paytaxt Bakı ilə rəqabət apara biləcək qədər müasirləşib. Bax budur ağıllı idarəetmə bacarığı. Odur ki, kimin hansı fikri söyləməsindən asılı olmayaraq, dövlət başçısı ölkəni məharətli idarə edir. Onun bu sahədəki bacarığı, eyni zamanda, xalq arasındakı nüfuzu heç müzakirə mövzusu belə ola bilməz. Məhz bu səbəbdən də digər ölkə vətəndaşları kimi, Azərbaycanda yaşayan ruslar da qarşıdakı prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

– Yeri düşmüşkən, ölkənin idarəetməsindən danışarkən, müxalifət düşərgəsi təmsilçiləri tez-tez hakim Yeni Azərbaycan Partiyasının ünvanına iradlar səsləndirirlər. Belə fikirlərə münasibətiniz necədir?

  • Belə fikirləri səsləndirənlər öncə 90-cı illərin əvvəllərində ölkəni hansı vəziyyətə gətirdiklərini yadlarına salsınlar. Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı, hər gün cəbhə bölgəsində onlarla igidlərimiz şəhid olurdu, ölkədə anarxiya, xaos yaranmışdı. İnsanlarda sabah yuxudan sapsağlam oyanacağına belə ümid qalmamışdı. Hər gün cəbhə bölgəsindəki mövqelərimizin itirilməsi xəbərini eşidirdik. Ölkədə kriminal durum ən yüksək həddə çatmışdı. Bəs bunları kimin ünvanına yazaq? O zaman ki, Yeni Azərbaycan Partiyası (YAP) hələ yaranmamışdı. Məgər ölkədəki idarəetməni bərbad vəziyyətə salıb, hakimiyyətdən qaçan siz deyildinizmi? Dar gününüzdə YAP-ı, onun lideri Heydər Əliyevi hakimiyyətə dəvət edənlər də elə siz deyildinizmi? Məhz sizin bərbad idarəçiliyinizi görən xalq, sizdən həmişəlik üz döndərdi. Və bundan sonra ölkədə keçirilən seçkilərin hamısında məhz Azərbaycan dövlətinin xilaskarı-DAHİ Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası mütləq qələbə qazandı.

Müxalifətin nə iddia etməsindən asılı olmayaraq YAP-ın lideri, cənab İlham Əliyev Azərbaycanı çox düzgün və məharətlə idarə edir. Dövlətimizin gündən-günə artan nüfuzu, eyni zamanda, partiyamızın nüfuzunun da artmasına səbəb olur. Bu gün Yeni Azərbaycan Partiyası dünya siyasi partiyaları arasında böyük nüfuza malikdir. YAP-ın beynəlxalq əlaqələri ilbəil genişlənir. Bu gün YAP Avropanın və Asiyanın aparıcı siyasi partiyalarının yer aldığı beynəlxalq təşkilatların üzvüdür. Hesab edirəm ki, partiyamızın Sədri, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra daha da inkişaf edəcək, iqtisadi qüdrəti artacaq, dünyanın nüfuzlu, söz sahibi olan ölkələrindən biri kimi imicini qoruyub saxlayacaq.