Səfir Mətbuat Şurasında

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında jurnalistlərlə görüşüb.
XALQ.AZ xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov xatırladıb ki, bu il Türkiyə xalqının düşmənləri ölkədə bir neçə dəfə terror aktı törədiblər.
O qeyd edib ki, Türkiyənin düşmənləri istəklərinə çata bilməyəcəklər: ”Əminəm ki, terror aklarını törədənlər layiqli cəzalarını alacaqlar. Bu məsələdə Azərbaycan Türkiyənin yanındadır”.
MŞ sədri deyib ki, Azərbaycan jurnalistləri ənənəvi olaraq Türkiyənin Azərbaycana təyin olunan səfirləri ilə görüş keçirirlər.
Jurnalistlərlə görüşündən məmnun olduğunu bildirən səfir Erkan Özoral deyib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: ”Türkiyədə növbəti xoşagəlməz hadisə baş verib. Bildiyiniz kimi, Türkiyədə terror aktı törədilib. Bu terror aktında həlak olan və yaralanan insanlara allahdan rəhmət və şəfa diləyirəm. Qardaş Azərbaycan bu teror aktını ən birinci pisləyən ölkələrdən biri olub. Biz hər zaman bir-birimizin yanındayıq. Türkiyə olaraq, hər zaman Azərbaycanın yanındayıq. Türkiyənin Azərbaycandakı səfiri olaraq çalışmaq qürur hiss keçirirəm. Bizim qəlbimiz sizlərlə döyünür. İki ölkə arasında möhkəm iş birliyi mövcuddur”.
Diplomat qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bundan sonra da inkişaf etdiriləcək.
Səfir son illər Azərbaycanın inkişaf etdiyi vurğulayıb: ”Əvvəllər Azərbaycanda otellər az idi, hazırda xeyli otel tikilib.Bu da turizmin inkişafına dəstək verir. Azərbaycan bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışı zamanı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən danışıb. O bildirib ki, Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır.
Daha sonra tədbirdə iştirak edən jurnalistlər çıxış ediblər, səfirə suallarını ünvanlayıblar.

Scroll to top