Sən Vətənsən…

Фото Ganire Pashayeva.

Qənirə PAŞAYEVA

Sən Vətənsən…
Gözlərimi açdığımda ilk gördüyüm
İlk addımı atdığım…
Həyəcan sarmışdı büsbütün məni –
Sanki yer qaçacaq ayağım altdan…
Amma sən möhkəm dayanmışdın və…
“qorxma! möhkəm dayan, mən burdayam!” deyirdin…
Sən Vətənsən..!
Məni doyurmaq üçün bolca məhsul yetirdin…
Sən Vətənsən…
Ana südü qoxuyan havan mənə nəfəs oldu,
Suyundan dirilik aldım.
Məni mehinlə oxşadın.
Sən Vətənsən.
Mənə anamı verən
Ana Vətən dediyim.
Sən Vətənsən.
Üzərində yürüdüyüm
Sevinclə atılıb-düşdüyüm
Sevincim tək, kədəri də bölüşdüyüm
Gözyaşımı torpağına axıtdığım…
Sən Vətənsən…
Bəxtiyarkən,
Bəxtsizkən…
Uğurda və uğursuzluqda…
Hər zaman yanımda olan…
Sən Vətənsən..!
Günahlarıma baxmadan…
Məndən əlüzməyən
Gözlərimi yumduğumda
İsti qoynuna basan
Və “xoşgəldin, övlad!” deyən…
Sən Vətənsən…
Bəzən çox acı versəm də…
Qoynuna aldığında
Ana bətnindəki kimi rahat uyuduğum…
VƏTƏNSƏN SƏN!
VƏTƏN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir