Səbaillilər cəbhə bölgəsində FOTOLAR

 

Səbaillilər cəbhə bölgəsində  FOTOLAR

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və bir qrup incəsənət xadimi ənənəvi olaraq rayonun hamilik etdiyi, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə keçən ilin aprelindəki döyüşlər zamanı azad olunmuş ərazilərdə yerləşən ön movqe postlarına gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.

Hərbi hissədə ilə tanışlıqdan sonra şəxsi heyətlə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Hərbi hissə komandanlığı adından çıxış edən zabit Babək Səmidli şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Sonra Müdafıə Nazirliyi Mərkəzi Zabitlər evinin ansamblı və solistləri tərəfindən əsgərlərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. İncəsənət xadimlərinin gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.
Hərbi hissənin rəhbərliyi bu tədbirin təşkili üçün Səbail rayonunun və Nüdafiə Nazirliyinin rəobərliyinə minnətdarlıqlarını bildirmişlər.