Səfər Mehdiyev Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəriylə görüşüb

Mayın 21-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan hökumətinin Avropa İttifaqı ilə uğurlu əməkdaşlığından bəhs edib.. Komitə sədri tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Səfər Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.

Komitə sədri Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin önəmini qeyd edib, bu əlaqələrin gömrük işi sahəsində də yer aldığını və ötən dövrdə həyata keçirilən bir neçə layihənin ölkədə dünya standartlarına cavab verən müstəqil gömrük sisteminin qurulması işinə öz töhfəsini verdiyini vurğulayıb.

Azərbaycan Respublikasının hazırda qüvvədə olan yeni Gömrük Məcəlləsi layihəsinin Avropa İttifaqı və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində hazırlandığını xatırladan Səfər Mehdiyev göstərilən dəstəyə görə Avropa İttifaqına minnətdarlığını ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin qarşılıqlı faydaya və ümumi dəyərlərə əsaslandığını, bu əlaqələrin yalnız ticarət və energetika sahələrilə məhdudlaşmadığını və geniş sahələri əhatə etməsindən məmnunluğunu bildirib. Təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasında da səmərəli əlaqələrin qurulmasından razılığını ifadə edən səfir bu əlaqələrin gələcəkdə də faydalı əməkdaşlıq şəraitində davam etdiriləcəyinə əmin olduğunu deyib.

Kestutis Yankauskas tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəminə toxunub və Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşması işinə töhfəsini əsirgəməyəcəyini vurğulayıb.

 

 

Orxan