Səfir Avropa İttifaqını tənqid atəşinə tutdu

 

3

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropanın nüfuzlu xəbər portalı olan və xüsusilə də, Aİ institutlarında geniş oxucu auditoriyasına malik “EU Reporter” qəzetinə müsahibə verib. SİA-nın məlumatına görə, müsahibədə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərindən bəhs edən səfir, Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda Aİ tərəfindən vətənə xəyanətdə günahlandırılan şəxslərə dəstək ifadə edən bəyanatların verilməsinin qəbuledilməz olduğunu qeyd edərək, bunu yalnış zamanda atılmış, yalnış addım kimi qiymətləndirib.

O, tərəflər arasında mövcud olan dialoqda hər zaman mənfi cəhətlər axtaran Aİ-nin ikili yanaşmasını tənqid edərək deyib ki, son illər ərzində əməkdaşlığımızda baş vermiş müsbət irəliləyişlərin, qarşılıqlı faydalı inkişafın, məsələn, 4 mühüm sazişin imzalanması və 45 milyard avroluq enerji layihələrinin razılaşdırılması kimi məqamların Aİ-nin Xarici Fəaliyyət Xidməti və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarlığının mətbuat katibləri tərəfindən bir dəfə də olsun dəyərləndirilməyib:

“Lakin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Bakıya səfəri zamanı ölkəmizlə əhəmiyyətli dialoqun qorunub saxlanılması və onun strateji məqsədlərinin yerinə yetirilməsinə yardımçı olmağa hazır olduqları bəyan edilir”.

Bu vəziyyəti coğrafi və bürokratik paradoks adlandıran səfir əlavə edib ki, Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür bildirilir, hətta digər Şərq Tərəfdaşlığı ölkələrinin Avropaya inteqrasiyasında dəstək istənilir, açıqda isə başqa cür davranılır. Diplomat bunu münasibətlərdə mövcud olan digər bir fenomen kimi dəyərləndirib.

Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına hər zaman lazımi diqqəti göstərdiyini vurğulayan səfir deyib ki, əgər ölkədə demokratik standartlara nail olmaq istəməsəydik, o zaman nədən Avropa Şurasına qoşulurduq.

Azərbaycanın dövlətçilik və cəmiyyətin inkişafı ilə bağlı tənqidin faydalarından yaxşı xəbərdar olduğunu söyləyən diplomat, Leyla Yunusova ilə bağlı verilmiş Aİ bəyanatının bu sağlam trendlə heç bir əlaqəsinin olmadığını qeyd edib. Vətənə xəyanətdə günahlandırılan bu şəxsin hamı kimi qanun qarşısında cavab verməli olduğunu vurğulayıb.

Səfir İsgəndərov həmçinin, son zamanlar “vətəndaş cəmiyyətindən” Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla gənc ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə qarşı alət kimi istifadə olunması tendensiyasının müşahidə olunduğunu söyləyib.

Müsahibənin sonunda Azərbaycan-Aİ münasibətlərinin gələcək perspektivləri ilə bağlı sualı cavablandıran səfir, Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq qurmağa hazır olduğunu qeyd edib. F.İsgəndərov bunun sadəcə Azərbaycanın istəyi olmadığını, ilk növbədə, Avropanın ölkəmizin bölgədəki mühüm tarixi və coğrafi rolunu diqqətə alaraq belə bir tərəfdaşlıqda maraqlı olduğunu bildirib. Azərbaycanın tərəflər arasında bərabərlik, hörmət və etibara əsaslanan əsl bağlar qurmaqda marağını ifadə edib. Ölkəmizin ən yaxşı Avropa təcrübəsini dəyərləndirdiyini söyləyən səfir, bunun heç də “dərs almaq” anlamına gəlmədiyini və ikisi arasındakı fərqin başa düşülməli olduğunu vurğulayıb.