Səfir görüş keçirdi

 

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Seyminin xarici işlər üzrə komitəsinin sədri Yuozas Bernatonis ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir Həsən Məmmədzadə Y.Bernatonisi Litva Seyminin üzvü, eləcə də xarici işlər üzrə komitəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan ilə Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsindən razılığını bildirib. Səfir 2016-cı ilin oktyabr ayında Litva Seyminə keçirilmiş yeni seçkilərdən sonra Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə yaradılmış qrupun üzvlərinin sayının 64 nəfər təşkil etdiyini və bunun da Seymdə üzvlərinin sayına görə Vatikandan sonra ikinci böyük qrup olduğunu vurğulayıb.

Seymin xarici işlər üzrə komitəsinin sədri Y.Bernatonis ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr üzrə qrupun fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.