Səfir vida çıxışı etdi

Sefir

“Ötən iki il ərzində etdiklərim və dediklərim bir məqsəd güdüb – Azərbaycanın demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səlahiyyət müddətinin başa çatması münasibətilə vida çıxışında deyib.

Səfir qeyd edib ki, o, Azərbaycana 1995-ci ildən səfər edib və bir çox azərbaycanlıları özünə dost hesab edir: “Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm”.

Birləşmiş Ştatların Azərbaycanın suverenliyi və müstəqilliyini bundan sonra da dəstəkləyəcəyini bildirən səfir vurğulayıb ki, o, Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatları dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin Azərbaycan o vaxtdan bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib. İndi Bakı iyirmi il bundan əvvəlki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlib və siz bununla fəxr etməlisiniz”.

Səfir həmçinin bildirib ki, təzyiqlərə baxmayaraq, Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinə sadiq qaldı: “Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı oldu. Birləşmiş Ştatlar kəməri dəstəklədi, çünki bu layihə Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliyini qoruyub saxlamaga kömək etdi”.

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqliyi eyni dərəcədə cəsarətli addım idi: “Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək. Ümid edirəm ki, iki tərəflk ticarət və sərmayələr daha da artacaq”.