Şəhidimiz dəfn olundu

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb.

39 gün sonra nəşi geri alınan şəhidin anım mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib.
Müdafiə naziri Z. Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verib.
Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti  İlham Əliyev, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.
Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib. Şəhid əsgər doğulduğu Qusar rayonunda Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Müdafiə Nazirliyində həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.
Xatırladaq ki, Çingiz 1994-cü ildə Qusarda anadan olub.
Ramid İBRAHİMOV / Bizim Yol