Şəmkirdə əlavə “vergi”

3

Şəmkirin icra başçısı təsərrüfat sahiblərinə “haqq” qoyub – QANUNSUZLUQ

Məlum olduğu kimi bu gün ölkə ictimaiyyəti tərəfindən daha çox müzakirə olunan mövzulardan biri də məmur özbaşınalığı, vətəndaşların vəzifəli şəxslər tərəfindən incidilməsi problemidir. Hətta ölkə prezidenti tərəfindən məmurların kəskin şəkildə tənqid olunması da gözlənilən nəticələri verməyib. Bəziləri isə bu tənqiddən ümumiyyətlə heç bir nəticə çıxarmayıblar. Həm də bu tip problemlər daha çox bölgələrdə öz aktuallığı ilə diqqəti cəlb edir. Bu xüsusda Şəmkir rayonu da məmur özbaşınalıqlarının xüsusilə çox müşahidə olunduğu bölgələrdən biri kimi seçilir.

XALQ.AZ-a daxil olan məlumatda bildirilir ki, əhalisi iki ywz min  nəfərə yaxın olan bu rayonun sakinləri icra başçısının fəaliyyətindən son dərəcə narazıdırlar. Son vaxtlar ölkə mətbuatında da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysovun qeyri-qənaətbəxş fəaliyyətinə dair müxtəlif tənqidi materiallar dərc olunmaqdadır. Xüsusilə bu materiallarda icra başçısı tərəfindən rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara qarşı yolverilməz münasibət göstərildiyi qeyd olunur. Redaksiyaya  daxil olan son informasiya isə daha ilgincdir. Belə ki, rayondakı mənbəmizin sözlərinə görə, icra başçısı rayonda təzə qaydalar tətbiq etməyə başlayıb. Həmin qaydalardan biri isə şəxsi təsərrüfatı olan vətəndaşlardan vergilərdən əlavə olaraq “haqq”ın yığılmasıdır. Məlumatda bildirilir ki, yığılan bu məbləğin hansı səbəbdən toplanması haqda da düz-əməlli məlumat verilmir. Məlum olan isə yalnız budur ki, bunu icra başçısı Nazim Veysov tələb edir. Mənbəmiz iddia edir ki, təsərrüfat sahiblərindən qanunsuz olaraq əlavə pulların toplanması isə nəticə etibarilə kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olur. Sonda qeyd edək ki, bu kimi hallar her il təkrar olunur .

Qarşı tərəfin mövqeyini dərc etməyə də hazırıq…