Şəmkirli gənclər ordu sıralarına yola düşüblər

Şəmkirli çağırışçı gənclər təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salınıblar.

XALQ,AZ xəbər verir ki, Şəmkir şəhərinin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsi qarşısında təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, idarə və təşkilatların, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar, gənclər, müharibə veteranları, valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra çıxış edənlər ordu sıralarına yola düşən gənclərə uğurlu hərbi xidmət arzulayıblar.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Bu gün Vətəni qorumaq gənclərin öhdəsindədir: “Bu gün hər birimiz sizin Vətənə ləyaqətlə xidmət edəcəyinizə, igidlik və şücaət göstərəcəyinizə inanırıq. Gözünüz arxada qalmasın. Bilin ki, əsgər valideynləri hər zaman dövlətimizin diqqətindədir. Əziz valideynlər siz də əmin olun ki, balalarınız etibarlı və güclü bir ordunun sıralarına gedir. Belə güclü dövlətə, belə igid övladları olan millətə heç kim bata bilməz”.

Alimpaşa Məmmədov gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib və düşmənə layiqli cavablar verərək qəhrəman əsgər adını qazanmağı, şəhidlərimizin qisasını almağı arzulayıb.

Yolasalma mərasimində çıxış edənlər bildiriblər ki, bu gün güclü maddi-texniki bazaya malik olan Silahlı Qüvvələrimiz mənfur düşməni hər an məhv etməyə qadirdir. Azərbaycan Ordusu regionun ən güclü və yüksək hərbi hazırlığa malik peşəkar ordusudur.

Sonda çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

 

Elgün