Şəmkirli sahibkarlar Prezidentə müraciət edəcəklər

 

12

Nazim Veysovun iş adamlarından pul tələb etməsi onları bezdirib

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev bir müddət əvvəl Şəmkir rayonuna səfər edərək, oradakı bir sıra obyektlərin açılışında iştirak edib. Həmin açılışlardan sonra Şəmkirdə böyük bir ticarət mərkəzi fəaliyyətə başlayıb. Xalq.az xəbər verir ki, dövlət başçısının səfərindən sonra Şəmkirin icra başçısı Nazim Veysovun «əl-qolu» açılmağa başlayıb. Rayondan gələn məlumatlarda deyilir ki, icra başçısı bütün sahibkarlardan pul yığmağa başlayıb. İş adamlarından alınan pullara ad da qoyulub: «Rayonun abadlaşdırılması üçün». Halbuki dövlət başçısı daima bütün rayonlara, o cümlədən Şəmkir rayonuna vaxtaşırı dövlət büdcəsindən məhz abadlıq və yenidənqurma işləri üçün pul ayırır. Nazim Veysovun bu hərəkəti isə belə bir təsəvvür yaradır ki, büdcədən pul ayrılmır. Qeyd edək ki, sözügedən icra başçısı rayondakı vəziyyətə də nəzarət edə bilmir. Elə bu səbəbdəndir ki, Şəmkirdəki Dövlət Bayrağı Meydanının ətrafı zibilxanaya çevrilib. Üstəlik, dövlət bayrağımız yırtılaraq, istifadəsiz hala düşüb. Amma buna baxmayaraq, bir neçə aydır dövlət bayrağımız hələ də dəyişdirilməyib. Sahibkarlar isə bildirirlər ki, Nazim Veysovun onlardan pul tələb etmələrindən beziblər. Onların sözlərinə görə, icra başçısının bu hərəkətlərindən dövlət başçısına şikayət etmək fikrindədirlər.