Sərhəddə əməliyyat

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən XALQ.AZ  verilən məlumata görə, son günlərdə DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 2 halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 nəfər qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək cəhdinin, 1 halda külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb. Belə ki, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub. Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib. Onlardan 4 nəfər qadının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

Fevralın 17-də Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı olan qadınlar saxlanılıb.

Fevralın 16-17-də DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarılması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su səthində və kolluqlarda 39 qutuda 470 ədəd əksəriyyəti 1 litrlik şüşə qablarda alkoqol içkiləri aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.