Səs modernləşir, yaxşılaşır

Yanvarın 11-də müasir Azərbaycan mətbuatında öz dəsti-xətti ilə silinməz izlər qoyan “Səs” qəzetinin 27 yaşı tamam olur. Müstəqilliyimizin ilk illərində Azərbaycanın siyasi, ictimai arenasında baş verən hadisələri obyektiv şəkildə, senzorlardan qorxmadan, çəkinmədən öz səhifələrində dərc edən tarixi qəzet haqqında dövlət və siyasət adamları zamanında öz fikirlərini tarixin səhifəsinə qızıl hərflərlə yazıblar.

 

Ulu Öndər Heydər Əliyevin “SƏS” qəzeti haqda söylədiyi tarixi sözlərin isə misli-bərabəri yoxdur. O sözləri “Səs” qəzetinin ad günü ərəfəsində bir daha xatırlatmaq istəyirik: “SƏS” qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- “SƏS” qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları “SƏS” qəzetində dərc edə bildik. Nəhayət, “SƏS” qəzeti “91-lər”in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də “Səs” qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın”.