Səyyar “ASAN xidmət” Bakıda fəaliyyətə başlayır

41

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayır.

Agentlikdən Xalq.az-a verilən məlumata görə, səyyar xidmətlər dedikdə şəxs qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur.

Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Pilot layihə kimi Bakının Nərimanov rayonunda fəaliyyətə başlayacaq Səyyar “ASAN xidmət” çərçivəsində göstərilən xidmətlər aşağıdakılardır:

  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

  • Məhkumluq barədə arayışların verilməsi;

  • Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

  • Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;

  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

Məlumata görə, arzu edən hər bir şəxs həftənin bazar ertəsi-şənbə günləri saat 10:00-19:00-dək 108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə Səyyar “ASAN xidmət”dən yararlana bilər.

Səyyar xidmət haqqı isə aşağıdakı kimidir:

  • İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) – 90 AZN xidmət haqqı;

  • Birtərəfli xidmət (hazır sənədin çatdırılması) – 50 AZN xidmət haqqı;

  • Nikahın qeydə alınması və təntənəli nikahın kəsilməsi – 150 AZN xidmət haqqı;

  • Təntənəli nikahın kəsilməsi – 100 AZN xidmət haqqı.

Qeyd edək ki, yuxarıda qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqları daxil deyil.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Nazirlər Kabinetinin 21 aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün isə əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Əlavə məlumat üçün “108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.