Saatlıda camaat aksiya keçirməyə hazırlaşır

Saatli

Camaata kanalizasiya suyu verən icra başçısı və müavini Axmaz gölünü qurudaraq, yerini satmağa başlayıblar

Saatlıda yerli sakinlərlə İcra Hakimiyyəti arasında içməli su qalmaqalı yaşanır.

Həmin məlumatda deyilir ki, Saatlının icra başçısı Siraqəddin Cabbarovla birinci müavini İlham Quliyev birgə şəkildə əhaliyə divan tutaraq, onlara kanalizasiya suyunu içirməyə çalışırlar. Belə ki, sözügedən şəxslər Qaraçala və Biləsuvar istiqamətdən kanalı bağlayaraq, Axmaz gölünü qurutmağa başlayıblar. Yerli kanallara isə kanalizasiya suları axıdılır ki, sonradan təmizlənmədən əhaliyə içməli su kimi verilir.

Məlumatda deyilir ki, Axmaz gölünün qurudulması da xüsusi planının tərkib hissəsidir. Əldə etdiyimiz məlumata görə, göl qurudulduqdan sonra böyük bir ərazi torpaq sahəsinə çevriləcək. Saatlının icra başçısı və müavini isə plan quraraq, qurudalacaq gölün ərazisini artıq satmağa belə başlayıblar. Məsələdən xəbərdar olan əhali isə kanalizasiya suyunu onlara verən icra başçısı ilə müavininə qarşı üsyana qalxıblar. Rayon sakinləri bir neçə dəfə Siraqəddin Cabbarovun qəbuluna gedərək, onunla görüşmək istəyiblər. Lakin onların qarşısına çıxan birinci müavini İlham Quliyev icra başçısının rayonda olmadığını deyib.

XALQ.AZ xəbər verir ki, məlumatlara görə, Saatlıda içməli su ilə bağlı yaranmış böhranla əlaqədar əhali üç dəfə aksiyaya cəhd edib. Amma hər dəfəsində polisin vasitəsi ilə aksiyanın qarşısı alınıb. Verilən xəbərə görə, hazırda camaat növbəti aksiyanın keçirilməsi üçün hazırlıqlara başlayıb. Bu dəfə rayonun kəndləri də prosesə qoşulub.

Siraqəddin Cabbarov isə göstəriş verib ki, rayondan şikayət məktublarının Bakıya göndərilməsinin qarşısı alınmalıdır. Ona görə də, Saatlı Poçt Şöbəsində bütün məktubların açılaraq, yoxlanıldığı iddia edilir. Şikayət xarakterli məktublar isə ya sıradan çıxarılır, ya da ünvanına göndərilmir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Jam.az