Sabiq icra başçısı məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

XALQ.AZ-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rafiq Rəsulov ifadə verib. Bildirib ki, H. Vəliyev ondan on min dollar pul tələb edib: “Lakin mən buna razı olmadım. Məni hədələyirdi ki, obyektin qanunsuz yerdə yerləşir. Lakin mənim sənədlərim qaydasında idi. Yol qırağında yeməkxana açmışdım. Habil də mənim barəmdə yazmamaq üçün pul tələb etdi. Lakin mən 785 manat pul göndərdim”.

 

H. Vəliyev isə onun dediklərini təkzib edib.

 

 

İclasda ifadə verən zərərçəkmiş, Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov isə deyib ki, H. Vəliyevdən hər hansı şikayəti, tələbi yoxdur: “Mənə dəymiş ziyan ödənilib”.

 

Zərərçəkmiş Rəşid Manafov ifadəsində bildirib ki, H. Vəliyev ondan min manat pul istəyib: “Lakin mən ona üç yüz manat pul verdim. Sonradan dedi ki, qalanını da verməlisən. Ümumilikdə 1800 manat pul alıb. Məni hədələyirdi ki, korrupsiya ilə məşğul olmağım barədə məqalə yazacaq. Bir neçə belə yazı da yazmışdı. İndiyə kimi də dəymiş ziyan ödənilməyib.”

O da hər hansı şikayəti olmadığını deyib.

 

İclasda zərərçəkmiş şəxslərdən Tofiq Sadıqov ifadəsində bildirib ki,  H. Vəliyev barəsində yazı yazıb və buna görə ona beş yüz manat verib ki, bir daha barəsində yazılmasın. O da  dəymiş ziyanın ödənildiyini deyib.

 

Proses yanvarın 18-də davam edəcək.

 

 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

 

 

İş üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Həbib