Sabirabad rayonu haqqında Prezidentin Sərəncamı

Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son 10 ildə Sabirabad rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş investisiya 170,3 dəfə, o cümlədən tikinti quraşdırma işləri 194,3 dəfə artmış, Olimpiya İdman Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, Gənclər Mərkəzi əsaslı təmir olunmuş, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, sutəmizləyici qurğular quraşdırılmış, avtomobil yolları çəkilmiş, körpülər salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2013-cü il.