Sabunçu “zibilxana”-ya çevrilib?

85

 

Bakının Sabunçu sakinləri sözün həqiqi mənasında zibilə düşüblər.

XALQ.AZ müraciət edərək kömək istəyən, isti yay günlərində zibillərin daşınmadığından şikayət edirlər.

Onların sözlərinə görə, bir aya yaxındır ki, evlərinin yaxınlığındakı zibilxanadakı zibillər daşınmır. Qalaq-qalaq üst-üstə yığılan zibil havaların isti keçdiyi bu yay günlərində sakinlər üçün əsl cəhənnəm əzabına çevrilib.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, az qalsın bir metri aşan zibilə görə, dəfələrlə rayon icra hakimiyyətinə və bələdiyyəsinə müraciət ediblər: “İcra hakimiyyətindən bizə dedilər ki, zibildaşıyan maşınları az olduğundan zibilləri hər gün daşımaq mümkün deyil. Biz də onlara dedik ki, heç olmasa həftədə iki dəfə bu zibillər daşınsın. Razılaşdılar. Amma bir aydır ki, evlərimizin yaxınlığındakı zibillik təmizlənmir. Nəticədə baş çatladan üfunət evimizə dolur. Siçovulların əlindən evdə yata bilmirik. Evin döşəməsindən müxtəlif cür həşəratlar evimizə doluşur. Uşaqlarda qaşınma yaranıb. Həkimə apardıq, dedilər yoluxucu xəstəlik ola bilər, mütləq önləyici tədbirlər görülməlidir. Səhiyyə Nazirliyinə yazdıq ki, heç olmasa gəlib bu zibilliyi dərmanlasınlar. “Oldu” deyib bizi yola verdilər”.

Sakinlərin sözlərinə görə, hər ay evlərdən zibil pulu yığır. Rayon sakinləri redaksiyaya göndərilən  məktubda bildirirlər ki, daha zibilə görə pul verməyəcəklər. “Bir aydır üfunətdən qapı-pəncərəmizi aça bilmirik. Bəhanələri də hazırdır, maşın yoxdur deyirlər. Bu zibillər nə vaxta kimi burada qalacaq? Evlərimizin dörd bir tərəfi zibilliklərlə doludur amma nə fayda təmizləyən yoxdur. Məsələ ilə bağlı Sabunçu  Rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənə bilmədik.

Qeyd edək ki, zibillik Bakının dəyişilməz problemlərindən biri kimi qalmaqdadır. Ekoloqlar hesab edirlər ki, burada insan faktoru çox önəmli rol oynayır. Paytaxtın zibillik problemini həll etmək üçün isə hələ 2009-cu ildən başlayaraq Yaponiyanın aidiyyəti şirkəti ilə hökumət qurumları arasında danışıqlar aparılıb. Yaponiya şirkəti Balaxanıda cəmləşən zibillikdə zavod açıb. Zavod yığılan zibili yandıraraq enerji istehsal edir.

Eyni zamanda Milli Məclis məişət tullantılarının nəzərdə tutulmuş yerlərdən kənara atılması və saxlanılmasına görə cərimələr tətbiq edilməsi ilə bağlı qərar verib. Dəyişikliklərə əsasən, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunurlar.

Qanun həmçinin lazımi yerlərdə zibil qutularının qoyulmasını da nəzərdə tutub. Belə ki, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunurlar.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

 

44 45 46 47 48