Şagird nazirə şikayət etdi

14

 

«Mən Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına 297 saylı orta məktəbində 10 “r” sinfində oxuyuram. Məni müəllimə döyüb və təhqir edib, ondan şikayətçiyəm”.

Bu sözləri Bizimyol.info-ya Əlizadə Zemfira Fikrət qızı bildirib: “Mən ingilis dili fənindən dərds deyən Azerma Mirzəyevadan şikayətçiyəm. İngilis dili fənnində sinifimiz iki qrupa ayrılır. Mən onun qrupunda deyiləm. 23 aprel 2014-cü il tarixində müəllimimiz məktəbə gəlmədiyi üçün bizim qrupa da o dərs deməli idi. Dərs vaxtı bizə dedi ki, istədiyimizi edə bilərik, yəni sərbəstik. Müəllimə bizə “Mən sizə dərs keçən deyiləm” dedi. Mən də sinif yoldaşıma söhbət etməyə başladım və güldüm. Gülüş səsim də yüksək olmadı. Müəllimə yavaş-yavaş mənə yaxınlaşaraq məni vurdu. Mən Azerma müəlliməyə “sizin məni vurmağa ixtiyarınız yoxdur” dedim. O isə mənə “dur cəhənnəm ol sinifdən” dedi. Mən sinifdən çıxdım, ardımca bütün qızlar otağı tərk etdi”.

Zemfira Əlizadə müəllimədən şikayət etmək üçün tədris məsələləri üzrə direktor müavini Lalə müəllimənin yanına getdiklərini dedi: «O bizə bildirdi ki, direktor Fazil Məmmədov onun otağındadır, sonra onun qəbuluna gələrik. Direktor otağı tərk edəndə bizi gördü. Dərs vaxtı sinifdə olmamağımızın səbəbi ilə maraqlandı. Biz susduq. O Azerma müəllimədən soruşdu ki, niyə bizə sinifdə deyilik? O da direktora cavab verdi ki, bizim müəllimimiz məktəbdə deyil. Direktor Azerma müəlliməyə bildirdi ki, o müəllimdir, onun işi dərs keçməkdir və bizə dərs keçməlidir”.

Məktəblinin sözlərinə görə, Azerma Mirzəyeva bundan öncə onun rəfiqəsini təhqir edib: “O şagirdlərlə davramağı bacarmır. Şagirdləri aşağılayır, şərəf və ləyaqəti alçaldan sözlər deyir. Ona görə də, bu müəllimədən şikayətçi şagirdlərin sayı çoxdur. O ingilis və ermənilərin azərbaycanlılardan mədəni və ədəbiyyatlarının zəngin olduqlarını deyir, bu millətlərin bizdən üstün olması ilə bağlı məktəbdə təbliğat aparır. Mən həmişə onunla mübahisə edirdim. Azərbaycanlıların ədəbiyyatının zəngin olduğunun, mədəni xalq olduğunu bildirirdim. Ona görə də o mənə qərəzli idi. Məni təhqir etməyə və problem yaratmağa imkan axtarırdı”.

Zemfira Əlizadə bildirdi ki, hadisədən iki gün sonra direktorun müavini onu qəbul edib: “Şikayətimi Lalə müəlliməyə bildirəndə o mənə “müəlliməyə nə üçün «ixtiyarın yoxdur» demisən? Gərək deməyərdin” deyə məni təqsirləndirdi. Bundan sonra anama baş verənlərlə bağlı məlumat verdim. O məktəbə gəldi. Anamın yanında da Azerma Mirzəyeva məni təhqir edib söyüş söydü”.

Z.Əlizadənin tələbi odur ki, onun şərəf və ləyaqətinin alçaldılmasına görə Təhsil Nazirliyi səviyyəsində Azerma Mirzəyeva haqqında tədbir görülsün. Məktəblinin müraciəti ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərmişik. Qarşı tərəfin münasibətini dərc etməyə çalışacağıq.

11