ŞAĞLAZÜZƏ KƏNDINDƏ 220 ŞAGIRD YERLIK YENI MƏKTƏB BINASI ISTIFADƏYƏ VERILDI.

Rayonun Şağlazüzə kəndində orta məktəb uzun illər idi ki, uyğunlaşdırılmış və yararsız binalarda yerləşirdi. Məktəbin pedaqoji kollektivinin, şagird və valideynlərin illərdən bəri arzuladıqları müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılan 220 şagird yerlik, ikimərtəbəli yeni məktəb binası may ayının 2-də istifadəyə verildi.

Açılış mərasiminə məktəbin pedaqoji və şagird kollektivi, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları və məktəbin tikintisində iştirak edən inşaatçılar toplaşmışdı. Məktəblilər yeni məktəb binasının açılışına gələn rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevi və digər qonaqları gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar.

Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açdı. O, çıxışında son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan geniş söhbət açdı. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Məktəblilər ulu öndər Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirlər söylədilər.

Yeni istifadəyə verilən Şağlazüzə kənd tam orta məktəbinin direktoru Əhmədşah Quliyev, valideyn Məryəm Fətəliyeva çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını bildirmiş, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək kənd sakinlərini salamlamış, yeni məktəbin açılışı münasibətilə onları təbrik etmişdir. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirilir. Xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Hazırda rayonda daha 9 məktəbin tikintisi davam etdirilir. Bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev Şağlazüzə kənd tam orta məktəbi üçün tikilmiş yeni binanın açılış lentini kəsmişdir.

Mərasim iştirakçıları yeni məktəb binasının kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı və kitabxanasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.