Şahağac kəndində əhali ilə görüş

9

 

Xəzər dənizinin sahili boyu yerləşən Şahağac kəndi ərazisinə və əhalinin sayına görə rayonumuzun böyük yaşayış məntəqələrindən biridir. Burada 1642 təsərrüfatda 4634 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti tərəvəzçilik, heyvandarlıq və balıqçılıqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Şahağac kəndini rayon mərkəzi ilə birləşdirən 18,5 km uzunluğunda Astara-Bala Şahağac avtomobil yolunun asfaltlaşdırılması, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2 saylı tam orta məktəb üçün yeni binanın tikintisi və bu ilin 18 sentyabrında kəndə təbii qazın verilməsi əhalinin sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlardır.
24 dekabr tarixində rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin nümayəndəlikdə keçirdiyi səyyar qəbul və əhali ilə görüşdə kənd sakinləri bu barədə fikirlərini söylədilər, eyni zamanda müəyyən problemlər həlli məqsədilə təkliflər irəli sürdülər.
Sakinlərdən Təyyar Əliyev və Güləmbər Mirzəyeva kənddaxili suötürücü kanallarda axarların bərpası və lildən təmizlənməsi, Hidayət Mirzəyev Şahağac kənd 1 saylı tam orta məktəbə gedən yolun, Solmaz Mirzəyeva digər məhəllə yolunun asfaltlaşdırılması, Şəməddin Əsədov elektrik xətləri və dirəklərinin təmiri, Balaş Zəkiyev ictimai yaşayış binasına təbii qazın verilməsi barədə arzularını bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev kənd sakinlərinə minnətdarlıq edərək qeyd etmişdir ki, rayonumuzun digər qəsəbə və kəndlərində olduğu kimi Şahağac kəndinin problemləri də bizə bəllidir. Amma yerində görüşüb sizi narahat edən məsələlərlə tanış olmaq və həlli yollarını birgə axtarmağı məqsədəuyğun hesab etdik.
İlk növbədə qeyd etməliyəm ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Yeni məktəb binaları, xəstəxanalar və digər sosial obyektlər tikilir, yollar abadlaşdırılır, əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təmini istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bu görülən işlər təkcə şəhəri deyil, bütün qəsəbə və kəndləri, hətta ucqar yaşayış məntəqələrini əhatə edir. Başa çatmaqda olan 2013-cü il ərzində rayonumuzun şəhər və kəndlərində 20 km-dən artıq yol asfaltlaşdırılmış, on kilometrlərlə yol təmir edilərək avtomobillərin rahat hərəkəti təmin olunmuşdur. Bir neçə istiqamətdə kəndlərə təbii qaz çəkilişi davam etdirilir. Bu cür geniş miqyaslı işlər yalnız yüksək iqtisadi bazası olan ölkələrdə mövcuddur.
Şahağacı nümayəndəliyinin ərazisində də ciddi bir problem qalmayıb. Şahağac kənd 2 saylı tam orta məktəbi üçün yeni bina tikilmiş, əsas yola asfalt döşənmiş, əhali dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Bunlar Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi, möhtərəm Prezidentimiz İlham Əliyevin Astaraya göstərdiyi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
Sadaladığınız məsələləri də diqqətlə dinlədik. Qeyd etməliyəm ki, müəyyən problemləri özünüz yaratmısınız. Kanalların doldurulması və mühafizə zolağının zəbt edilməsi, hamımızdan asılı olan məsələlərdir. Bu işlər baş verəndən sonra qaldırdığınız problemlərin həllində də çətinliklər yaranır. Bu neqativ halların baş verməməsi üçün əhali arasında təbliğat işi gücləndirilməli, ictimai qınaq vasitələrindən istifadə olunmalıdır.
Kənd təsərrüfatını inkişaf etdirmək, əmək resurslarından və torpaqlardan səmərəli istifadə olunması vacib məsələdir. Bununla razılaşmaq olmur ki, rayonun bəzi kəndlərində, o cümlədən, Şahağacı kəndində torpaqlardan səmərəli istifadə olunmasına lazımi diqqət yetirilmir. Burada torpaqların əkilib becərilməsinə maraq olduqca azdır. Ən pis hal budur ki, vaxtilə min tonlarla tərəvəz məhsulu istehsal edən Astara əhalisi indi adi tərəvəzi, kartofu və digər ərzağı İran İslam Respublikasından gətirir. Əlbəttə, bu yolverilməzdir. Torpağa münasibət dəyişməlidir. Aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar dövlətimiz mümkün olan bütün şəraiti yaratmışdır. Biz də bu işdə hər cür köməklik göstərməyə hazırıq.
Sadalanan müəyyən problemlərin həlli ilə əlaqədar 2014-cü ilin ilk günlərindən komissiya yaradılaraq bu kəndə ezam olunacaqdır. Amma siz sakinlər də bu problemlərin qısa müddətdə aradan qaldırılması üçün işçi qrupuna yaxından köməklik etməlisiniz. Belə olacağı təqdirdə və eyni zamanda torpaqların əkilib-becərilməsinə diqqət artırılarsa, rayonumuzda ərzaq bolluğu yaratmaqda sakinlər bacarığını ortaya qoyarsa, bu kənd üçün daha mühüm işlər görüləcək və yazda kənd daxili yolların asfaltlaşdırılmasına da başlanacaqdır.