Şamaxıda sürüşmə aktivləşdi

Surusme

Şamaxıda sürüşmə aktivləşib. Bu dəfə torpaq sürüşməsi rayonun Ənkixaran kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində hektarlarla ərazidə relyef dəyişikliyi baş verib.

Xalq.az-ın verdiyi məlumata görə, sürüşmə nəticəsində Şamaxının Ənkixaran kəndində çatlar, çalalar, dərin yarğanlar qeydə alınıb. Ərazidə sürüşmə aktivləşib. Sürüşməyə əsas səbəb isə son günlər müşahidə olunan intensiv yağan yağışlar və qurunt sularının bu əraziyə axıdılmasıdır. Qeydə alınan bu hadisə kəndlilərin pay torpaqlarını əkin-biçin üçün yararsız edib.

Əvvəllər bu ərazilərdə üzüm bağları və müxtəlif növ ağaclar var idi. Bəlkə də elə bu səbəbdən sürüşmə halı nadir hallarda baş verirdi.

Hazırda burada nə bir üzümlük var, nə də bir ağac. Elə buna görə də hər il yaz aylarında sürüşmə təbii olaraq aktivləşir. Sonuncu sürüşmə təqribən 2 hektar ərazini əhatə edib. Ümumilikdə isə sürüşmənin miqyası 6 hektardan çoxdur. Yaxınlıqda yaşayan sakinlər təlaş içindədirlər. Onlar evlərə, tikililərə ziyan dəyə biləcəyindən narahatdırlar. Bu səbəbdən ətrafda aparılan tikinti işləri dayandırılıb. Çünki bu halın təkrarlanmayacağını kimsə zəmanət vermir.

Məsələ aidiyyatı qurumları da hərəkətə keçməyə vadar edib. Artıq Rayon İcra Hakimiyyəti problemin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.