Samiraldonu əməliyyat edən plastik cərrah: “Mənə şər atırlar”

Dr. Mübariz Məmmədli: “4 min insanı əməliyyat etmişəm, bircə dəfə belə olsun…”

Son günlər bəzi xəbər portallarında və sosial şəbəkələrdə Real Hospitalın plastik cərrahı Dr. Mübariz Məmmədli və adıçəkilən tibb mərkəzi ilə bağlı ifşaedici informasiyalar yayılır.

Bakı sakini Nəzirə Salehova adlı şəxs Dr. Mübariz Məmmədlinin onu liposaksiya və lipofillinq əməliyyatı etdiyini və əməliyyatdan sonrakı qaydalara riayət etmədiyi üçün (sarğı qaydaları) onda ağırlaşmalar olduğunu iddia edib. Şikayətçi bildirib ki, əməliyyat sonrası onun sağ döşündə şişkinlik yaranmağa başlayıb və bunun səbəbi kimi klinikada qeyri-streil şəraitin olmamasını göstərib”.

Məsələ ilə bağlı ölkə mətbuatına danışan Dr. Mübariz Məmmədli bildirib ki, xəstə klinikada olduğu müddətdə tam nəzarət altında olub və evə yazılanda heç bir şikayəti olmayıb:

“Üstündən bir müddət sonra təkrar bizə müraciət etdi ki, müəyyən problemlər meydana çıxıb. Bir şeyi başa düşmək lazımdır ki, biz onu yalnız liposaksiya və lipofillinq əməliyyatı etmişik. Onun səhhətində digər bir problem meydana çıxıbsa, buna görə bizi günahlandırmaq yersizdir. Ortaya haqlı sual çıxır: Biz pasiyentin sarğı nahiyəsinə və sinəsinə piylər yeritmişik. Əgər problem bizim alətimizdədirsə, bəs niyə digər vurduğumuz nahiyələrdə problem yaranmayıb?! Lakin buna baxmayaraq, biz xəstəni klinikaya dəvət edib, müvafiq müalicələr apardıq. O isə əvəzində bizə qarşı məqsədli qara-piar kampaniyası təşkil etdi. Hazırki şəraitdə bizim hüquqi müstəvidə mübarizə aparmaqdan başqa yolumuz qalmayıb və məhkəməyə müraciət etmişik”.

Dr. Mübariz Məmmədli qeyd edib ki, 2010-cı ildən cərrahdır və indiyə qədər dörd mindən artıq əməliyyat icra edib:

“Məşhur stilist Samiraldo ləqəbli Samir Əliyev, müğənni Vüqar Muradov, onlarla incəsənət xadimi və modelyer tərəfimdən  əməliyyat olunub. ABŞ, İngiltərə, Almaniya, Hollandiya, Türkiyə Rusiya və digər dövlətlərdən yüzlərlə pasiyentim olub. İndiyə qədər bircə dəfə olsun mənim fəaliyyətimlə bağlı hər hansı şikayət olmayıb. MDB məkannda ilk dəfə olaraq endoskopik abdominoplastika əməliyyatını icra etmişəm. Mən bütün xəstələri, o cümlədən Nəzirə Salehovanı özümə doğma bilirəm. Təəssüf ki, o bunu qiymətləndirmədi və mənə qarşı əsassız hücumlara başladı. Bəzi mətbu orqanlar məndən bununla bağlı açıqlamalar alsalar da, fikirlərimi təhrif edir, yalan məlumatlar yayırlar. Bu səbəbdən mən və çalışdığım klinika bununla bağlı təkzib vermək məcburriyyətindən qaldıq”.

“İlk növbədə biz azərbaycanlıyıq və öz vətənimizi canımızdan artıq sevirik” deyən Dr. Mübariz Məmmədli ona şər atıldığını söyləyir:

“Mən bu açıqlamanı yaymağı özümə borc bildim. Çünki cəmiyyət qarşısında hesabatlı mütəxəssisəm. İmkan verə bilmərəm ki, kimlərsə mənim zərrə-zərrə qazanmış olduğum nüfuzuma xələl gətirsin. Bu təkcə məni yox, məni tanıyan, dəyər verən insanları, çalışdığım hospitalı, o cümlədən çoxsaylı xəstələrimi narahat edir. Daha bu məsələyə qayıtmayacam. Soydaşlarımıza üzümü tutub deyirəm ki, bu cür əsassız və böhtan xarakterli informasiyalara inanmasınlar”.

Məsələ ilə bağlı həkimin çalışdığı Real Hospitalın rəhbərliyi də bəyanat yayıb. Hospitalın sosial şəbəkə hesabında Baş həkim Rövşən Yusibovun adından yayılan açıqlamada bildirilir ki, N.Salehovanın hospital və həkim barəsində səsləndirdiyi iddialar tamamilə əsassız və cəfəngiyyatdır:

“Çox təəssüf ki, sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında heç bir fakta söykənməyən, dəqiqləşdirilməmiş informasiyalar yayılır. Real Hospital ölkəmizin ən etibarlı və güvənilən tibb ocqalarından biridir. Biz bütün xəstələrimizə doğma münasibət göstəririk. Lakin səhiyyə elə bir sahədir ki, orada əməliyyat sonrası ağırlaşmalar istisna olunmur. Bunu öncədən əməliyyat olunan xəstələrə bildiririk. Onlar bununla razılaşdıqdan sonra əməliyyat icra olunur. Məsələ ilə bağlı müvafiq bakterioloji əkilmə sorğusu vermişik və xəstədə tapılan qızılı stafilokok bizim tibb mərkəzində aşkar olunmayıb. Böyük ehtimalla xəstə klinikanı tərk etdikdən sonra prosedur qaydalarına əməl etməyib və bu səbəbdən onda bu problem yaranıb”.

 

 

Orxan