Sapı özümüzdən olan balta

 

52

 

Bu günlərdə Türkiyə saytlarını izləyərkən qəribə başlıqlı bir yazıya rast gəldim. “Baküde muhalifler eziliyor” başlıqlı yazını oxuyarkən heyrətə gəldim. Lakin bu heyrətə əsas səbəb nə yazının reallığa uyğun olmayan başlığı, nə də orada qeyd olunan cəfəngiyat deyildi. Bu yazının həmin saytda yayımlanması da təəccüblü deyildi – bu Türkiyədə Azərbaycana qarşı qərəz və böhtanl yağdırması ilə məşhur olan erməni qəzeti “Agos”un saytdır. Bu qəzetdə Azərbaycanla bağlı belə cəfəng yazılar adi haldır, çünki qəzet rəhbərliyi və müəlliflər ermənilərdir. Qəzetin əməkdaşları arasında “gizli ermənilər” də var. Yəni, türk ad familiyası götürmüş ermənilər. Təəccübümə səbəb olan əsas məqam Azərbaycana erməni qəzetində növbəti böhtanı yağdıran  müəllifin azərbaycanlı olması idi!

 

Sapı özümüzdən olan müəllif kimdir?

 

Bu “qəhrəman”ın adı Arzu Qeybullayevadır. Bu xanımın fəaliyyəti ilə bağlı kiçik bir araşdırma apardım və bəzi məsələlər ortaya çıxdı. A.Qeybullayeva bir vaxtlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru olmuş Qeybulla Qeybullayevin qızıdır. Tutduğu vəzifədən çıxarıldıqdan sonra o, bir müddət Türkiyədə işləyib.

Erməni qəzetində işləyən Arzu Bakı Türk Anadolu Liseyini bitirib. 1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxuyub. Türkiyəyə 2001-ci ildə təhsil almaq üçün gedib. Bilkent Universitetinin Beynəlxalq əlaqələr fakültəsini daxil olub. Bilkentdən sonra Britaniya paytaxtında “London School of Economics and Politial Science” Universitetindən Dövlət fakültəsində Qlobal Siyasət üzrə magistraturanı bitirib. Daha sonra Londondan İstanbula gəlib. Bir il sonra “European Stability Initiative” adında bir “think tank”ə Azərbaycan üzrə ekspert olaraq işə başlayıb. Bundan sonra Azərbaycana sıx-sıx gəlməyə başlayıb.

2009-cu ildə ABŞ-ın Milli Demokratiya İnstitutunun dəvəti ilə Bakıya qayıdıb. 2010-cu ildə yenidən İstanbula geri dönüb. Göründüyü kimi, xanımın təhsil və iş karyerası “qlobal verbovka mərkəzləri” ilə sıx bağlıdır. Son iş yeri kimi də məhz Türkiyədə məşhur erməni qəzetində qərar tutub.

 

“Qəzetdə müsbət münasibətlə qarşılaşmışam, çox mehriban komanda var”

 

Erməni qəzetinin azərbaycanlı əməkdaşının bu ilin martında modern.az saytına verdiyi müsahibəsi bəzi mətləbləri aşkara çıxarmağa kömək edir. Müsahibədən bəzi məqamları təqdim edirik:

–…Neçə oldu ki, Türkiyədə məhz “Agos” qəzetini seçdiniz?

– Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Məni qəzetə dəvət etdilər. Bu barədə söhbət etdik. Sonra qəzet üçün yazmağı təklif etdilər. Mən də qəbul etdim.

–…Bunlar hansı işlər idi?

  • 2009-cu ildən iki ölkə arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişəm. 2011-ci ildə isə “İmagine Center for Conflict Transformation” adında kiçik təşkilata qoşuldum. Bizim mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Məqsəd insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.

– Heç kimə sirr deyil ki, bir vaxtlar Qrant Dinkin redaktoru olduğu “Aqos” qəzeti Türkiyədə nəşr olunan erməni qəzetidir. Orada işləyən bir azərbaycanlı kimi sizə qarşı münasibət necədir?

–…Qəzetdə işə başladığımdan həmişə müsbət münasibət və enerji ilə qarşılaşmışam. Burada çox mehriban komanda var.

– Heç olubmu ki, azərbaycanlı olduğunuza görə sizin hər hansı bir yazınıza “Aqos”da çap olunmasına qadağa qoyulsun?

– Xeyr.

– Azərbaycanı Türkiyədə təmsil edən bir azərbaycanlı, həm də bir jurnalist kimi Azərbaycan-Ermənistanla bağlı mübahisələriniz düşürmü?

– Açığı, bu günə qədər belə bir şey ilə rastlaşmamışam.

– Hər il dünyanın müxtəlif yerlərində, eləcə də Türkiyədə Xocalı, Mart soyqırımları, Sumqayıt hadisələri anılır. Ermənilərin, həmçinin “Aqos”çuların sizə münasibəti, baxışları necə olur? Sizə qarşı hər hansı bir aqressiya nümayiş olunurmu?

– Yox, belə bir şey olmur.

– Sizi “Aqos”da işləməyinizə görə qınayanlar olmayıb ki?

–Təbii ki, bəzən qınayanlar olur. Amma bu o, demək deyil ki, mənim işim sırf kiminsə xoşuna gəlmirsə işimi atmalıyam… nə olursa-olsun işimizə davam etməliyik.

Göründüyü kimi, bu şəxsin kim olduğu və fəaliyyətinin məqsədi aydındır. İndi isə gələk onun qeyd etdiyimiz yazıdakı cəfəngiyatlarına.

 

Müxalifət düşüncəli vətəndaş cinayət məsuliyyətindən azad olmalıdır?

 

Müəllif qeyd edir ki, Azərbaycanda bəzi şəxslər müxalifət fikirli olduğuna görə həbs edilirmiş. Misal kimi, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş şəxsləri göstərir. Leyla Yunus,  Arif Yunus,  Rauf Mirqədirov, Rəsul Cəfərov, İntiqam Əliyev, Pərviz Həşimli, Anar Məmmədli, Bəşir Süleymanlı və sairlərini.

Adları çəkilən şəxslər konkret cinayət başında yaxalanmış şəxslərdir.  Məsələn, üzərində odlu silah gəzdirən bir şəxsin siyasi, sosial, ya da başqa mənsubiyyəti onu məsuliyyətdən azad etməlidirmi? Ya da dövlətin mənafelərini onun düşmənlərinə satmış adamlara ordenmi verilməlidir? Azərbaycanda məgər yalnız bu şəxslər həbs edilib? Başqa cinayət törədənlər həbs edilmirmi? Onların arasında hakim partiyanın – YAP-ın üzvü olanlar da var, hökumət və dövlət strukturunda işləyənlər də.

Azərbaycanda minlərlə müxalifət düşüncəli insan var və onlar mətbuatda açıq çıxışlar edir, siyasi partiyalarda rahat fəaliyyət göstərirlər. Onda bunlar niyə həbs olunmur? İndi az qala hamı jurnalistdir, sosial şəbəkədə, mətbuatda, bloqlarda yazır, siyasi partiyalarda və sair QHT-lərdə fəaliyyət göstərir. İndi bu yüz minlərlə şəxsin içindən kimsə cinayət törədəndə ona qanunu tətbiq etmək olmaz? Nədir, nədir bu adam da hərdən internetdə nə isə cızma-qara edir, deməli, bu siyasi məhbusdur?

 

Ermənipərəst “5-ci kolon”un xəyanəti 

 

Sirr deyil ki, ermənilərlə birgə xalqımıza qarşı mübarizə aparan azərbaycanlılar da var. Hər halda biz onları rəsmi olaraq azərbaycanlı sayırıq, amma milli mənsubiyyəti araşdırılanda başqa mətləblər ortaya çıxır. A.Qeybullayevanın siyasi məhbus kimi qələmə verdiyi şəxslərin bəzilərinin erməni mənşəli olduqları, ermənilərlə gizli və ya açıq gizli və ya açıq şəkildə işbirliyində olduqları qüvvətli  şəkildə ehtimal olunan və barələrində istinqaq prosesinin aparıldığı şəxslərdir.  Bu barədə mətbuatda faktlar və sənədlərlə yazıldığından burada təkrar etmək istəməzdik. (maraqlananlar bu linkdən oxuya bilərlər – http://www.anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=269778)

Bu adamlar ifşa edilərək həbs olunanda erməni mətbuatı, ictimai təşkilatları bir haray-həşir saldılar ki. Sizcə ermənilər niyə belə etsinlər? Siz təsəvvür edirsinizmi ki, ermənilər başqa bir azərbaycanlını belə qızğın müdafiə etsinlər?

Yox! Çünki onlar “5-ci kolon”a daxil deyillər. Məhz o adamlara maddi və mənəvi dəstəklər  verilir ki, onlar öz dövlətinin, öz xalqının maraqlarından başqa kimin maraqlarına desən işləyirlər. Bu şəxslər də xarici dairələr tərəfindən himayə altına alınır. Məsələn,  hansısa şəxs hansısa bir müxalifətçinin qohumudursa və cinayət əməli törədibsə, o saat onun siyasi məhbus edirlər və qərb dövlətlərinin, həmin beynəlxalq təşkilatların bu cinayətkarın azad edilməsi haqda tövsiyələri axmağa başlayır. Lakin hər dövlətin öz qanunları var və onları pozanlar cəzalandırılmalıdır.

Azərbaycanda işğal altında olan Qarabağ bölgəsini nəzərə almasaq azı 30 min erməni yaşayır. Lakin onların heç birinə “gözün üstündə qaşın var” deyə yoxdur. Lakin düşmən dövlətə işləmək, öz ölkəsinə xəyanət etmək milliyyətindən asılı olmayaraq cəzasız qalmamalıdır. Necə ki, müəllifin adını çəkdiyi şəxslərin içində bu kimi əməllər törətməkdə şübhəli bilinən azərbaycanlı və erməni mənşəli olduğu söylənilən şəxslər var, lakin onların hər birinə yanaşma eynidir – qanunun tələb etdiyi kimi. Arzunun maraqlarını müdafiə etdiyi Ermənistanda isə 1 nəfər azərbaycanlı da yoxdur, əgər orada hansısa bir azərbaycanlı aşkar edilsəydi, çoxdan qətlə yetirilmişdi.

 

Erməni qəzetinin azərbaycanlı əməkdaşına məsləhət

 

Arzu xanım, əgər imkan olsa, erməni redaktorlarınız icazə versə, o qəzetdə ermənilərin bu yaxınlarda cəbhə bölgəsində öldürdükləri əsgərlərimiz, mülki şəxslərimiz haqda da yazın. Ya da Qarabağı müharibəsində ermənilər tərəfindən törədilən çoxsaylı genosid aktlarından, məsələn Xocalıdan. Siz axı həqiqətləri axtardığınızı deyirsiniz, gəlin sizə nə qədər istəyirsiniz sənəd, sübut təqdim edək bu həqiqətlər barədə və gedin “Agos”da yazın.

Ya da Azərbaycanda gedən müsbət işlərdən yazın. Tutaq ki, ölkəmizdə problemlər var, amma hətta ən pis ölkədə belə müsbət nələrsə var. 10 dəfə problemlərdən yazanda, bir dəfə də nailiyyətlərdən yazın. Axı Qərbdə aldığınız təhsil və keçdiyiniz kurslarda obyektiv və qərəzsiz yanaşma əsas şərt kimi göstərilir. Əgər, çox demirəm, bu mövzularda bircə yazı verə bilsəniz o qəzetdə, onda biz sizin bütün yazdıqlarınıza inanacağıq.

Bunları yaza bilməsəniz, sizə daha yüngül mövzular təklif edə bilərəm. Məsələn, ABŞ-da, Avropa ölkələrində yüzlərlə bloggerin, jurnalistin həbsə atıldığını, ictimai aksiyaların qəddarlıqla dağıdıldığını yazın. Bu barədə faktlar və sənədlər elə həmin ölkələrin mediasında doludur. Yəni, ciddi mənbələr nə qədər istəsəniz var. Buyurun, çörəkpulu qazandığınız erməni qəzetində ilk obyektiv yazınızı maraqla gözləyəcəyik.

Sonda sizə bir sualım da var – soruşmaq ayıb olmasın, Türkiyədə minlərlə qəzet, minlərlə xəbər saytı fəaliyyət göstərir, necə oldu ki, sizin kimi qərb təhsili olan bir xanım işləmək üçün məhz erməni qəzetini seçdi? Və aldığınız maaşın miqdarını bilmək istəyərdim. Vətəni neçəyə satdığınızı öyrənmək üçün… Cavabınızı gözləyirəm.

 

Elçin Bayramlı