Sayları az olan müxalifətçi gənclər etik və əxlaq normalarını gözləmirlər

seymur1

Seymur Orucov : “Müxalifətin bir çətir altında toplaşmasının heç bir effekti yoxdur və bundan sonra da olmayacaq”

Xalq.az Sia.az-a  Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovun musahibəsini təqdim edir.

  • Seymur müəllim, seçki ərəfəsi ölkədəki siyasi-ictimai vəziyyəti və seçicilərin seçkiyə münasibətini necə dəyərləndirirsiniz?

  • Bildiyiniz kimi, bu gün Azərbaycanda seçki öncəsi ictimai-siyasi vəziyyət çox yaxşı durumdadır. Çünki xalq artıq öz namizədini bəlli edib və gələcək 5 ili də Cənab İlham Əliyevlə gedəcəyi haqda qərar verib. Bunu istər QHT-lərin konfranslarında, hesabatlarında, istərsə də digər gənclər təşkilatlarının hesabatlarında açıq-aşkar görmək mümkündür. Artıq xalq öz gələcəyini Cənab İlham Əliyevdən başqa heç kimdə görmür. Buna görə də ölkədə ictimai-siyasi durum sabitdir. Bildiyiniz kimi, nəinki təkcə Azərbaycanın, ümumiyyətlə, Qafqazın ən nüfuzlu təşkilatı olan Yeni Azərbaycan Partiyası Cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürüb və bu prosesin tənzimlənməsi ilə bağlı artıq müəyyən texniki işlər görülməkdədir.

  • Azərbaycan gəncliyinin seçimi bu dəfə də Cənab İlham Əliyevdir. Hansı amillər Cənab İlham Əliyevi alternativsiz edir?

  • İlk olaraq, Cənab İlham Əliyevin xarizmatik lider olması, ikincisi isə Cənab Prezidentin Azərbaycandakı bütün gənclər təşkilatları ilə bağlı çox böyük işlər görməsi alternativsizliyin göstəriciləridir. Bu gün ölkədə həyata keçirilən gənclər siyasəti artıq ölkə səviyyəsindən kənara çıxıb. Digər dövlətlər də bu təcrübəni öyrənmək üçün Azərbaycana gəlirlər. Bu gün gənclərin demək olar ki, QHT-lər yaratmaqla bağlı, digər təşəbbüsləri həyata keçirməklə bağlı heç bir problemləri qalmayıb. Gənclər fondunun təsis edilməsi, Gənclər və İdman Nazirliyinin xətti ilə bir çox gənclərə, gənclər təşkilatlarına köməkllik edilməsi, qrantların ayrılması və digər mədəniyyət, incəsənət, idman sahəsində qabiliyyəti olan gənclərin aşkara çıxarılması ilə bağlı bir çox işlər görülüb. Bütün bu amillər Cənab Prezident İlham Əliyevi alternativsiz edir.

  • Bəzi müxalifətçi gənclər sosial şəbəkələrdə qeyri-qanuni şüarlarla çıxış edir, dövlət əlehinə müxtəlif fikirlər səsləndirirlər. Bu cür gənclərə qarşı intellektual bilik və savadı ilə seçilən gənclər hansı mövqedədir?

  • Belə faktlarla biz də qarşılaşırıq. Sayları az olan müxalifətçi gənclər etik və əxlaq normalarını gözləmirlər. Biz hər zaman onlara demişik ki, biz tənqidə, debata açığıq. Amma, bəzən təhqir və qanunsuz çağırışlar eşidirik ki, bunlar da heç bir etik normalara sığmır. Biz demokratik dövlətdə yaşayırıq. İnternet azadlığı var. Bizim gənclərimizin onlara qarşı olan fikirləri birmənalı şəkildə mənfidir və istərdik ki, həmin gənclər də dövlət üçün, vətən üçün, gənclik üçün, cəmiyyət üçün, heç olmasa özləri üçün faydalı işlər görməyə başlasınlar. Çünki onlar da Azərbaycan Respublikasının vətəndaşlarıdır. Bəzən onlar təsir altına düşürlər və yaxud da səhv yollara yönəldilirlər. Amma, nəticə etibarı ilə istərdik ki, onlar da görülən faydalı işləri yaxşı analiz edə bilsinlər. Bilsinlər ki, bəzi şüarlar səsləndirməklə özlərini cəmiyyətdə nüfuzdan salacaq, zamanla Azərbaycan vətəndaşı olmaq qabiliyyətlərini də itirəcəklər.

  • Radikal müxalifətin ardınca gedən gənclərimiz məqsəd və məramlarını anlamadan gedirlər. Bir növ yaxşı işlər görmək, özlərini düşünmək əvəzinə, onların şüarlarını səsləndirirlər. Buna münasibətiniz necədir?

  • 90-cı illərdə o zamanki iqtidar Azərbaycan gəncliyini bir dəfə aldada bilmişdi və gənclərdən istifadə edib hakimiyyətə gəlmişdilər. Sonra həmin gənclik başa düşdü ki, onlar səhv yolla gedirlər. Onları aldadanlar lider deyil, öz şəxsi maraqlarını düşünən insanlardır. Bu, müxalifətin köhnə taktikasıdır. Müxalifət liderləri istəyirlər ki, həmişə gənclərdən istifadə etsinlər. Amma, şükürlər olsun ki, bu gün həyata keçirilən uğurlu gənclər siyasəti, gələcəyin gəncliyinin yetişdirilməsi müxalifət liderlərinin ətrafında gənclərin çoxalmasına imkan vermir. Çünki, normal insanlar başa düşürlər ki, özlərini idarə edə bilməyən insanlardan onlara lider ola bilməz. Onların dediklərinin heç bir əsası yoxdur və onlar artıq 20 ildir ki, müxalifətdədirlər. Hələ də hansısa bir proqram xarakterli fikirlər səsləndirməyiblər, strategiyaları belə yoxdur. Müxalifətin bir çətir altında toplaşmasının heç bir effekti yoxdur və bundan sonra da olmayacaq. Son hadisələr də göstərdi ki, onların özlərinə lider seçdikləri insan da qeyri-ciddi və qeyri-səmimidir. Zamanla onların ətrafında olan çox az sayda insanlar da uzaqlaşıb gedəcəklər.