Seymur Orucov çağırış etdi-“Azərbaycanın firəvan gələcəyi İlham Əliyevlədir”

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

– Seymur müəllim, ölkəmiz prezident seçkiləri ərəfəsindədir. Azərbaycan gəncliyinin bu seçkilərə münasibətini necə ifadə edərdiniz?

  • Seçkilər hər bir dövlətin, xalqın həyatında mühüm hadisədir. Bu mənada, Azərbaycanda da hər zaman seçkilərə böyük önəm verilir, ölkə vətəndaşları bu prosesdə aktiv iştirak edir. Konstitusiyamızda vurğulandığı kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Təbii ki, dövlət hakimiyyətinin formalaşdırılması bilavasitə xalqımızdan asılıdır. Xalqın seçdiyi hakimiyyət formalaşır və dövləti idarə edir.

Bu baxımdan, cəmiyyətimizin aparıcı təbəqəsi olan Azərbaycan gəncliyi də hər zaman seçkilərdə aktiv iştirak edib. 11 apreldə keçiriləcək prezident seçkiləri də bu baxımdan istisna təşkil etmir. Hesab edirəm ki, bu seçkilərdə gənclərimiz mövcud siyasətin uğurlu davamına səs verəcəklər. Çünki həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafı üçün böyük üfüqlər açır.

– Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini qeyd etdiniz. Bu uğurlar konkret faktlarda özünün əksini necə tapır? 

  • Bildiyiniz kimi, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir.

Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.

Bilirsiniz ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.

Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.
Bununla yanaşı, ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.

– Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi prezident seçkiləri kampaniyasında hansı səviyyədə iştirak edir?

  • İlk növbədə  qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsinə hərtərəfli dəstək göstərir. Bütün bunlara görə Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Hazırda partiyada gənclərin təmsilçiliyi 40 faizə qədərdir. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxdur və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir.

Prezident seçkiləri kampaniyasına gəlincə, əlbəttə ki, bu gün başlıca vəzifəmiz bu prosesdə aktiv iştirak etməkdir.

Bilirsiniz ki, fevral ayında Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi bir qərar qəbul etdi. Qurultay prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürdü. Azərbaycan gəncliyi bu qərarı böyük sevinclə qarşıladı. YAP-ın VI Qurultayının belə bir qərar qəbul etməsi cəmiyyətdən gələn sosial sifariş idi.

Hesab edirəm ki, artıq ölkə gəncliyi seçki ilə bağlı öz qərarını verib. Xüsusilə, sosial şəbəkələrdə öz mövqeyini paylaşır və cənab İlham Əliyevin qələbə qazanacağına əmin olduqlarını vurğulayırlar.

Həmçinin qeyd etməliyəm ki, YAP Gənclər Birliyi seçki kampaniyasının təşviqat mərhələsində fəal iştirak edirlər. Gənclər partiyamızın fəal üzvləri kimi bütün seçki prosesinə, cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirilməsinə öz töhfələrini verməyə çalışırlar. Sevindirici haldır ki, partiyamızın rəhbərliyi də bu prosesdə gənclərimizə yüksək etimad göstərir. Kampaniya çərçivəsində gənclər müxtəlif layihələr həyata keçirirlər ki, bu da ictimaiyyət, seçicilər tərəfindən böyük maraqla qarşılanır.

– Seymur müəllim, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. Bu görüşlərdən təəssüratlarınız necədir?

  • Əlbəttə ki, təəssüratlarım çox yüksəkdir. Görüşlərdə vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə iştirak edirlər. Onlar qeyd edirlər ki, Azərbaycanın firəvan gələcəyi naminə Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə etimad göstərirlər.

O cümlədən, gənc seçicilərimizin mövqeyi də bundan ibarətdir. Mən əminəm ki, xalqımız bu dəfəki seçkidə də partiyamızın Sədri cənab İlham Əliyevə səs verəcək. Qələbəmiz çox yaxındadır. Mən bir daha hər bir vətəndaşı, o cümlədən gənclərimizi  aprelin 11-də seçki məntəqələrinə getməyə və işıqlı gələcəyimiz naminə cənab İlham Əliyevə səs verməyə çağırıram. Xalqın bu seçimi Azərbaycanın uğurlarına sevinməyən, hər addımda ölkəmizə qara yaxmağa çalışan xarici və daxili qüvvələrə tutarlı cavab olacaq. İnanırıq ki, qarşıdakı 7 ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atacaq.