Şeyxə orden verildi

Seyx-1

Moskva şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Moskvanın və bütün Rusiyanın patriarxı Kirill ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Patriarx Kirill bildirib ki, Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir.

Heç bir xarici təsir Azərbaycan və Rusiya xalqlarının xoş münasibətlərini poza bilməz. “Bu işdə Qafqazın dini lideri kimi sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Siz daim düşünülmüş mövqeyinizlə həm pravoslav xristianlara, həm də müsəlmanlara problemlərin həllində yardımçı olursunuz”, – deyə patriarx Kirill qeyd edib. Patriarx əmin olduğunu bildirib ki, budəfəki görüş də xalqlarımız və dindarlarımız üçün faydalı olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. A.Paşazadə qeyd edib ki, böyük rus xalqının nüfuzlu din xadimlərinin məsləhətlərinə daim ehtiyac var.
Şeyxülislam Azərbaycan və Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə patriarx Kirill dinlərarası əməkdaşlığa töhfəsinə görə və anadan olmasının 65 illiyi münasibətilə şeyxülislam Allahşükür Paşazadəni rus pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeni ilə təltif edib.