Şeyx bölgələrə səfər edib

26

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 9-10-da respublikanın Qərb bölgəsinə səfər edib. Nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, İdarənin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Şura üzvləri akademiklər Teymur Bunyadov, Ziyad Səmədzadə, professorlar Qəzənfər Paşayev, İsrafil İsrafilov, Milli Məclisin üzvləri Fəttah Heydərov Cavanşir Paşazadə və başqaları daxil idi.

Səfərin ilk ünvanı Ağstafa rayonu olub. Ağstafada Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə rayonun dindarları, ağsaqqalları və gəncləri ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağstafa şəhərindəki abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Mərasimi açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz bütün sınaqlardan üzü ağ çıxmağı bacarıb və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib. İcra hakimiyyətinin başçısı respublikada, o, cümlədən Ağstafada həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb.

Tədbirin əhəmiyyətindən danışan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərində siyasi hakimiyyətə qayıdışı ilə xalqımız fəlakətdən xilas olub. Dünya şöhrətli siyasi xadimin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artıb. Bu gün Ümummilli Liderin müdrik daxili və xarici siyasət kursu uğurla davam etdirilir. Fəttah Heydərov qeyd edib ki, bütün ömrünü Azərbaycan xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti bu gün ağsaqqalların və gənclərimizin amalına çevrilib. Ağsaqqallar Şurasının sədri ölkəmizin inkişafında ağsaqqalların və gənclərin rolundan da geniş söhbət açıb.

Sonra söz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə verilib. Şeyxülislam həzrətləri Heydər Əliyevin xalqımızın tarixində oynadığı mühüm roldan danışıb. Allahşükür Paşazadə qeyd edib ki, Ulu Öndərin yolu daim gələcəyə aparan yoldur. Şeyxülislam həzrətləri müstəqilliyimizin ilk illərində qarşılaşdığımız çətinliklərdən danışıb, Heydər Əliyevin ən çətin anlarda xalqa birlikdə olduğunu vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Heydər Əliyevin Təzəpir məscidində dindarlarla tarixi görüşünü, xalqımızı birliyə, milli həmrəyliyə səsləməsini xatırladıb. Şeyxülislam həzrətləri bildirib ki, həmin tarixi görüş əziz Peyğəmbərimizin (s) mövludu gününə təsadüf etdiyindən bu hadisə adi tədbir çərçivəsini aşaraq müstəqil Azərbaycanın din-dövlət münasibətlərinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoyub. Təsadüfi deyil ki, 20 il ərzində məscidlərimizin sayı 17-dən 2 minə qalxıb, Bakı İslam Universiteti, mədrəsələr açılıb, dindarlarımız İslamın müqəddəs yerlərinə ziyarətə getmək imkanı qazanıblar. Bu gün Azərbaycan tolerantlıq nümunəsi olaraq, nəinki bölgənin, bütün dünyanın diqqət mərkəzindədir, onun paytaxtı Bakı ən mötəbər dini tədbirlərə, simpozium və konfranslara ev sahibliyi edir. Ölkə başçı İlham Əliyevin qayğısı və yardımı nəticəsində tarixi dini məbədlərimiz, ziyarətgahlarımız bərpa və əsaslı təmirdən sonra dindarlarımızın ixtiyarına verilir, onlarla yeni məscidlər tikilir. Bu münasibət yalnız İslam dininə və müsəlmanlara aid deyil, digər səmavi dinlərin daşıcıyılarına da şamil olunur, ölkəmizdə yaşayan hər bir insan millətindən və dinindən asılı olmayaraq özünü bərabərhüquqlu vətəndaş kimi hiss edir.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyev, şuranın üzvləri Teymur Bunyadov, Ziyad Səmədzadə, İsrafil İsrafilov, Qəzənfər Paşayev, millət vəkili Cavanşir Paşazadə çıxış edərək fikirlərini bölüşüblər. Görüşdə ölkəmizdə yaşlı nəslə və gənclərə göstərilən diqqət və qayğıdan söhbət açılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Toplantı iştirakçılarına müqəddəs kitabımız olan Qurani-Kərim, Qafqaz Müsəlmanları İdarəsi, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətindən ətraflı bəhs edən kitablar hədiyyə olunub.


Sentyabrın 10-da nümayəndə heyətinin üzvləri Tovuz rayonundakı Heydər Əliyev Mərkəzində yerli ziyalılar və ağsaqqallarla görüşüb. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov rayonda aparılan abadlıq və yenidənqurma işləri barədə qonaqlara məlumat verib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və digər qonaqlar çıxış ediblər. Görüşdə Azərbaycanda din-dövlət münasibətlərindən, respublika başçısının dini-mənəvi irsimizə qayğısından geniş söhbət açılıb. Ağsaqqalların cəmiyyətdə tarixi missiyası, yeni dövrdə vəzifələri, yeri və rolu geniş müzakirə olunub. Çıxış edən natiqlər bildiriblər ki, ağsaqqallarımız dindarlar gənclərimizə örnək olmağı bacarmalıdırlar. Müzakirələr zamanı belə görüşlərin gələcəkdə də müntəzəm keçirilməsi vacib hesab olunub. Sonda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə adından görüş iştirakçılarına Qurani-Kərimin nüsxələri hədiyyə edilib.


Həmin gün nümayəndə heyəti Qazax rayonuna gələrək Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, ümummilli liderin xatirəsini ehtiramla anıb. Ədəbiyyat Muzeyinin konfrans zalında ağsaqqallar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qonaqları salamlayaraq, son zamanlar rayonda baş verən müsbət dəyişiklərdən, insanların mənəvi irsimizə artan marağından danışıb.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı mənəvi mühitdən, dövlət tərəfindən dindarlara göstərilən qayğıdan geniş bəhs edib. Ölkəmizin tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açan Şeyxülislam həzrətləri qeyd edib ki, dini dözümlük böyük sərvətimizdir və biz onu qorumalı, inkişaf etdirməliyik. Qafqaz Müsəlmanları İdarəsinin sədri çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dinə, dini dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasət barədə məlumat verib, bu ənənənin möhtərəm dövlət başçımız İlham Əliyev cənabları tərəfindən böyük uğurla və yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb. Şeyxülislam həzrətləri bildirib ki, dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizin sülhpərvərliyini, tolerantlığını etiraf edir və qazandığımız uğurlar təqdir edilir. Son illər ölkəmizdə Dini liderlərin Ümumdünya Bakı Sammitinin, Dünya Mədəniyyətlərarası Forumunun və digər mühüm beynəlxalq tədbirlərin uğurla keçirilməsi buna yaxşı sübutdur. Dövlət başçısının diqqət və qayğısını həmişə hiss edən dindarlarımız dövlətçiliyimizi qorumağa, onun qanunlarına həmişə hörmətlə yanaşmağa hazır olduqlarını dəfələrlə bəyan ediblər.

Şeyxülislam həzrətləri xüsusi qeyd edib ki, əzəli torpaqlarımız olan Dağlıq Qarabağı Qazaxdan yüzlərlə kilometr ayırsa da, müharibə bu bölgədən də yan ötməyib. Ermənistan tərəfindən qədim Azərbaycan torpaqlarının 20 faizi işğal olunduğu andan Qarabağ probleminin dinlərarası münaqişə müstəvisinə keçməsinin qarşısının alınması üçün gərgin səylərdən danışan Allahşükür Paşazadə bildirib ki, dinlərarası dialoq ruhuna sadiq qalaraq işğal altında olan ərazilərimizdə tam dağıdılmış və ya yararsız hala salınmış dini ibadət məkanlarının bərpa olunması, qorunması ilə bağlı səylərimiz davam edir. Görüşdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyev, qurumun üzvləri Teymur Bunyadov, Ziyad Səmədzadə, İsrafil İsrafilov, Qəzənfər Paşayev, millət vəkili Cavanşir Paşazadə və rayonun nüfuzlu ağsaqqalları çıxış ediblər.


İki günlük son dərəcə dolğun və maraqlı, çoxsaylı görüşlərlə zəngin olan səfər qədim Gəncə şəhərində başa çatıb. Nümayəndə heyətinin üzvlərini şəhərin girişində qarşılayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqlara şəhərdəki genişmiqyaslı abadlıq işləri barədə geniş məlumat verib, 2500 hektarda salınan yeni istirahət parkı ilə tanış edib. Daha sonra qonaqlar Gəncənin müqəddəs ocağına – VIII əsrə aid “İmamzadə” ziyarətgahında aparılan bərpa işləri ilə yaxından tanış olublar. Xalq arasında Göy günbəz, yaxud Göy məscid kimi tanınan bu maraqlı memarlıq abidəsi kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleksdir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Günbəzə mavi kaşıdan üzlük çəkilib. (“Göy imam” adı da bununla əlaqədardır). Lakin müxtəlif vaxtlarda aparılan təmir-bərpa işləri onun görkəminin müəyyən qədər dəyişməsinə səbəb olub. Bunları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və maddi köməkliyi ilə hazırda burada əsaslı bərpa və genişlənmə işləri aparılır.

Sovet dövründə əksər ziyarətgahlar, ibadətgahlar kimi “İmamzadə” də bağlanıldı. Düzdür, İmamzadənin qapısına qıfıl vurulması barədə heç zaman rəsmi qərar verilməyib, tikilidən başqa məqsədlə istifadə olunmayıb. Amma insanların bura gəlməsinin qarşısını almaq üçün tədbirlər görülüb. Böyük Vətən müharibəsi illərində isə “İmamzadə”dəki zəvvarlar üçün tikilmiş hücrələrdə SSRİ-nin müxtəlif respublikalarından gətirilən yetim uşaqlara sığınacaq verilib. 1946-cı ildən “İmamzadə” ziyarətgahı fəaliyyətini bərpa edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə kompleks üzərində aparılan işlərlə tanış olub, burada namaz qılıb və Gəncə ictimaiyyətinin nümayəndələri ilə söhbət edib. Sentyabrın 10-da Şeyxülislam həzrətləri və onun müşahidə edən şəxslər Bakıya qayıdıblar.

 

27 28 30 31 33