Şeyx yəhudiləri təbrik etdi

Seyx

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə yəhudilərin yeni il bayramı – Roş-xa-Şana münasibətilə Azərbaycanda yaşayan Dağ Yəhudiləri icmasının sədrinə təbrik məktubu ünvanlayıb.

Azərbaycanda yaşayan Dağ Yəhudiləri icmasının sədri Melih Yevdayevə ünvanlanan məktubda deyilir:

“O Bir Olan Yaradanın adı ilə!
Əziz qardaşım!
Sizi və Sizin simanızda Azərbaycanda yaşayan bütün dağ yəhudilərini əziz bayramınız – Roş-xa-Şana münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə O Bir Olan Yaradandan can sağlığı, rifah və səadət diləyirəm.

Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə Azərbaycan müsəlmanları öz yəhudi qardaşlarına sinaqoqlarda şofar sədaları altında ibadət və dualarının qəbul olmasını arzulayır, bayram süfrəsi ətrafında etdikləri bütün xoş niyyətlərinin həyata keçməsini diləyirlər.

Şükürlər olsun ki, Azərbaycanı öz Vətənləri sayan dağ yəhudiləri bu mübarək bayramı həmişə olduğu kimi, bu il də könül xoşluğu və sevincli əhval-ruhiyyə ilə qarşılayırlar.

Qoy Uca Yaradan bu Yeni il Azərbaycan yəhudilərinə yeni uğurlar bəxş etsin! AMİN!”.