Siqaret tüstüsündə boğulan azərbaycanlı qızlar

 

41

Əfsələddin Ağalarov

Yadımdadır, ilk dəfə siqareti damağıma qoyanda vur-tut 18 yaşım ya vardı, ya yox idi. İlk dəfə tütünü ciyərimə çəkəndə qara öskürək boğazımı elə ağuşuna almışdı ki, tüstü az qala gözlərimdən çıxacaqdı. Axırda bir dostum çəkdiyim əziyyəti görəndən sonra bir xeyli mənə bu zəhrimarın ziyanından hal-qəziyyə etdi. Dediklərinin mənasız olduğunu görəndə isə yaşadığımız binanın arxasında, qonşuların gözündən iraq olan ağac dibində mənə çəkməyin qaydasını öyrətdi. Bir.. iki… üçüncüdə artıq bu zəhrimarın çəmini tapıb istəyimə nail oldum.

İlk vaxtlar adama elə gəlirdi ki, bu zəhrimar bütün problemlərini həll edəcək və hər şey axarında gedəcək. Amma zaman onu göstərdi ki, əslində zəhimar elə adı üstündə zəhrimardır. Cibində pulun olub onu alana qədər sənə dost, pulun qutaranda isə nainsafın birinə çevrilir. Hələ mən bunun ciyərlərimə olan ziyanını demirəm.

Amma dövr o dövrə çatdı ki, sağlamlığımı məndən daha çox düşünən dost-tanışlarım zamanla mənim getdiyim bu uçurum yoluna baş qoydular. Vaxtı ilə çəkməməyim üçün masanın üstündəki siqaret qutusunu bir göz qırpında gizlədən həmyaşıdlarım, zamanla özləri siqaret qutusunu masanın üzərinə atmağa başladılar. Yaş artdıqca ətrafım qara öskürəkdən boğulan gənclərlə dolub-daşdı. Onlar da mənimlə ağız-ağıza verib siqareti siqaretə caladılar.

Hələ mən siqaret çəkməyə həvəsi olmayıb siqaret qutusunun üstündəki şəklə vurulan gəncləri demirəm. Və ya istədiyi yarına daha çox “erkeksi” görünmək üçün damağına siqaret qoyanları da unuduram. Hətta siqaret qutusunu əlindəki telefonun üstünə qoyub o yan-bu yana var-gəl edən özündənrazıların adını belə çəkmək istəmirəm.

Nə isə… Nə baş verdisə, ondan sonra baş verdi. Bir də ayıldıq ki, çəkən təkcə biz deyil, minlərlə, yüzminlərlə gənclərdir. Bunların arasında siqaretin zərərlərindən xəbərdar olanlar isə bisavadlardan daha çoxdur.

Amma baş verən tək bizim siqaret çəkməyimiz deyildi. İllər ötdü və bir də başımızı qaldırdıq ki, ətrafımızda da olmasa, cəmiyyətimizdə siqareti qəlyanla, qəlyanı da siqaretlə əvəz edən gənc xanımlarımız da peyda olub.

Şəhərdə, küçədə, restoranlarda gənc Azərbaycan qızlarının damağındakı nazik, uzun siqaretlər zamanla adamın gözünə girməyə başladı. Əvvəllər siqaret çəkən qızlara “yaxşı qız deyil” baxışı ilə baxılırdısa, indi hər şey o qədər adiləşib ki, artıq siqaret çəkməyən xanımlara geridəqalmış damğası vurulur .

“Hə nə olsun ki?” deyib “Qayınana” filmindən misal çəkənlər də tapılır. Özünə haqq qazandırmaq üçün rəhmətlik Nəsibə Zeynalovanın bu filmdə tənbəki çəkməsini əlində bayraq edənlər “qadınlar o vaxtdan siqaret çəkib” kimi fikirlər səsləndirməyə başlayırlar.

İndi isə hər şey biz istəyən kimi irəliləyir. Tənbəkini qəlyanla, daha sonra isə siqaretlə əvəzləyən xanımlarımızın sayı yaş qayanın üstündəki mamır kimi çoxalmağa başlayır. Azərbaycan ailəsi zamanla tənəzzülə uğrayır və dövr bizim düşündüyümüz o dövrdən çox uzaqlaşır. Yerlə günəş arasındakı məsafə qədər bizdən uzaqlaşan dəyərlərimiz artıq siqaret tüstüsündə itib batmağa başlayır.

Bir sözlə, uzun siqaretli qızlarla, üstü-başı tütün qoxan oğlanlarla Avropaya doğru son addımlarla irəliləyirik.

Xeyirli, uğurlu olsun!