Siyəzəndə hesabat

89

 

13 fevral 2014-cü il tarixdə Siyəzən şəhər Mədəniyyət evində 2013-cü ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları haqqında Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra iştirakçılar yığıncağın keçirildiyi Siyəzən şəhər Mədəniyyət evinin foyesində rayonda istehsal olunan məhsulların nümayiş olunduğu sərgi ilə tanış olmuşlar. Sərgidə “Caspian Coast Winery & Vineyards” MMC, “Siyəzən-Broyler” ASC, Siyəzən Kərpic Zavodu, “Bərəkət-97” Firması, “Bəhər” Arıçılıq Təsərrüfatı, “AB Siyəzən – Fish” ASC, “Polimer Sənaye Parkı” MMC və s. sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisə və təsərrüfatlar təmsil olunurdular.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, məktəb direktorları, bağça müdirləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, rayon ağsaqqalları, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun hesabat məruzəsi dinlənilmişdir. (hesabatın mətni əvvəlcədən rayonun “Çıraq” qəzetində və İcra Hakimiyyətinin rəsmi saytında (http://siyezen-ih.gov.az/page/26.html) yayımlanmışdır). Bundan sonra məruzə ətrafında çıxışlar başlamışdır. İclasda çıxış edən Siyəzən Elektrik Şəbəkəsinin rəis əvəzi Şahid Quliyev, Siyəzən Qaz İstismar Sahəsinin rəisi Faiq Nəsbullayev, Siyəzən rayonu Sukanal İdarəsinin rəisi Zamin Ağayev, Siyəzən Mərkəzi Poliklinikasının baş həkimi Mirələm Cəlalov hesabat ilində görülmüş işlər barədə məlumat vermişlər. Tədbirdə Milli Məclisin deputatı Tahir Süleymanov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək son illərdə ölkəmizdə bütün sahələrdə gedən sürətli inkişaf, böyük quruculuq işləri barədə danışmışlar. Arif Novruzov çıxışında cənab Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət hesabına keçirilən tibbi müayinə, onun əhəmiyyəti barədə geniş məlumat və tövsiyələrini verdi.

Yığıncaq iştirakçılarından Qəzənfər Nəcəfov (Siyəzən şəhərində şəhərdaxili avtomobil yollarının əsaslı təmiri və abadlaşdırılması), Cəfər Bağırov (şəhər mədəniyyət və istirahət parkının yenidən qurulması), Samir Baxşıyev (rayonun Yenikənd-Tuğay, Böyük Həmyə, Beşdam kəndlərinin və Gilgilçay qəsəbəsinə gedən kənd avtomobil yollarının təmir edilməsi və marşrut avtobuslarının yeniləri ilə əvəz olunması), Rafiq Yarıyev (çoxmənzilli yaşayış binalarının qarşısında aparılan abadlıq işlərinin davam etdirilməsi) təkliflərlə çıxış etmişlər.

Yığıncağın sonunda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.