Siyavuş Novruzov : “Heydər Əliyevin çörək verdikləri bir vaxtlar bu məslicdə onun üzünə dururdular”

“Bu gün mənə Heydər Əliyev haqqında danışmaq çox ağırdır. Onun cismanı şəkildə aramızda olmadığını düşünə bilmirəm, artıq fikirləşə də bilmirəm. Çünki onun xalqımızın üçün etdiklərinə hər birimiz şahidik.”

 

XALQ.AZ xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Heydər Əliyev dövlət maraqlarını hər şeydən üstün tuturdu:

“Heydər Əliyev haqqında məlumatlı olanlar 3 yerə bölünür- onu görənlər, eşidənlər və oxuyanlar.Biz onun nə qədər dövlətçi bir insan olduğunu, dövlət maraqlarını hər şeydən üstün tutuduğunun şahidiyik. O Azərbaycan xalqının nə düşündüyünü, məişətindən tutmuş bütün qayğılarını əzbər bilirdi. O çox ədalətli bir insan idi. Heydər Əliyevin  əsas prinsipi sosial ədalətin təmin olunması idi. Heydər Əliyev heç zaman ədalətsizliyə yol verməyib. Təəssüf ki, ona qarşı istər Moskva, istərsə də Azərbaycanın müxtəlif bölgələrində ədalətsizliklər olurdu. Lakin o, hər kəsi bağışlayırdı. Bu gün parlamentdə çıxışları dinlədim. Kaş 90 cı illərdə belə çıxışlar olardı, Heydər Əliyevin görmək istədiyi işlər barədə bir qəzet məqaləsi olardı.  Kaş onun ad verdiyi şair, yazıçılar o, Naxçıvana ayaq basmadan orda olardılar. Heydər Əliyev  hər zaman mübariz idi. Onun çörək verdikləri bir vaxtlar bu məslicdə onun üzünə dururdu. Heydər Əliyevi də  ağrıdan da bu idi”.

S.Novruzov bildirib ki, nə qədərki müstəqil Azərbaycan var, Heydər Əliyev də yaşayacaq:

“Heydər Əliyev ilk dəfə Şərqdə ölüm hökmünü ləğv etdi, lakin 1 həftə hakimiyyətdə olanlar 9 nəfəri güllələdi. Burada oturanların hər birinin üzərində Heydər Əliyevin haqqı var. Bizim borcumuz da onun siyasi varisinə dəstək olmaqdır. Nə qədər müstəqil Azərbaycan yaşayır, Heydər Əliyev  də yaşayacaq”.

 

 

Orxan